Lebedev də seçkilərdə fəallığın yüksək olduğunu dedi...
MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin fəallığının yüksək olduğunu məmnunluqla qeyd edib. Secki-2024.az saytı xəbər verir ki, bu barədə S.Lebedev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində müşahidə apardıqdan sonra jurnalistlərə bildirib.
Baş katibin sözlərinə görə, Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir və yüksək seçici fəallığı müşahidə olunur. S.Lebedev qeyd edib ki, seçici fəallığının yüksək olması həm də vətəndaşların seçkilərdə iştiraka olan marağını göstərir.
“Vətəndaşlar respublikada sabitliyin, əmin-amanlığın hökm sürməsində maraqlıdırlar. Açığı, biz, sizin MDB-dəki tərəfdaşlarınız olaraq Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpa olunmasında, Azərbaycanın və digər qonşu respublikaların gələcək mütərəqqi inkişafı üçün şəraitin yaradılmasında son dərəcə maraqlıyıq”, - o bildirib.