İstanbul Konsulluğumuzdakı məntəqələrdə yüksək seçici fəallığı...
Bu gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Türkiyənin İstanbul şəhərindəki Konsulluğunda yaradılan seçki məntəqələrində yüksək seçici fəallığı nümayiş olunur. Bu barədə secki-2024.az saytına açıqlamasında hazırda həmin məntəqələrdən birində (53 saylı məntəqədə) olan Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, səsvermə başlayandan etibarən qardaş ölkədə yaşayan azərbaycanlılar aktiv iştirak edir və məntəqələrə gedərək səs verirlər: “İstanbulda yaşayan Azərbaycan vətəndaşları arasında yüksək seçici fəallığı nümayiş olunur. Vətəndaşlarımız bunun səbəbini tarixdə ilk dəfədir ki, seçkilərin bütün Azərbaycan ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda da keçirilməsi ilə əlaqələndirirlər. Məhz bu səbəbdən Azərbaycan vətəndaşları arasında seçkiyə böyük maraq yaranıb”.
Qeyd edək ki, Türkiyədə Azərbaycan vətəndaşlarının sıx yaşadığı nəzərə alınaraq və seçki qanunvericiliyinə uyğun olaraq qardaş ölkədə 5 seçki məntəqəsi yaradılıb. Səfirliyimizin inzibati binasında 46 və 47 saylı seçki məntəqələri ilə yanaşı, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri bu gün eyni vaxtda fəaliyyət göstərir.