Prezident sərəncamından sonra - orta pensiya 485-519 manat arası...
Fuad İbrahimov: “Artımı hər zaman dəstəkləmək lazımdır”
Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam da, qeyd edildiyi kimi, pensiyalarda növbəti artımları təmin edir.
Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır.
Yeni artım pensiyaların orta aylıq məbləğinə də təsir edəcək. Belə ki, yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.
Ümumən, artımların pensiyaların orta aylıq məbləğinə təsirini ekspertlər necə dəyərləndirir?
“Əsas odur ki, pensiyaların artırılmasından sonra qiymətlər süni şəkildə artırılmasın”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov buna bir neçə prizmadan yanaşdı: “Yeni sərəncamla bir istiqamət üzrə orta aylıq pensiya məbləği 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin isə 467 manatdan 519 manata qaldırılacaq. Hər bir halda bu, artımdır. Artımlar müxtəlif cür olacaq. Yəni hər pensiyanın məbləğinə görə artım faizləri olacaq. Pensiyası minimum olanlarda artımın həcmi elə də çox olmayacaq. Ümumilikdə, nəzərə almaq lazımdır ki, standartlara, tələblərə, bazardakı bahalaşmaya artımlar tam cavab vermir. Ancaq ölkənin imkanlarını da nəzərə almaq lazımdır. Respublikamızın sosial-iqtisadi inkişafına dair milli proritetlər və Azərbaycan – 2030-cu ilə dair hədəflərimiz var. Orada 2-ci bənddə 5 prioritet istiqamət götürülüb. İkinci bənddə dinamik, inkuliziv və sosial ədalətə əsaslanan cəmiyyət istiqaməti var. Burada biz inkuliziv və sosial ədalətə söykənən cəmiyyət deyəndə hər bir vətəndaşın gəlirlərdən qədərində istifadə etməsi imkanlarından danışırıq. Yəni burada bərabər hüquqdan söhbət gedir. O baxımdan hesab edirəm ki, pensiyaların, təqaüdlərin, müavinətlərin artımı bundan sonra da davam edəcək. Ancaq bununla paralel xərclərin çərçivədə qalmasını təmin etmək şərti ilə. Əlbəttə, bu, həyata keçirilməlidir. Əsas odur ki, pensiyaların artırılmasından sonra qiymətlər süni şəkildə artırılmasın. Çünki belə olduqda artımların effekti azalır. Yəni o baxımdan işlər çoxdur. Ancaq hər bir halda bu, artımdır. Artımı hər zaman dəstəkləmək lazımdır”.
Vidadi ORDAHALLI