Fərdi pensiya kapitalımızda 8,8 faiz artım pensiyaçılara nə verəcək...
Əli Əlirzayev: “Pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinə müsbət yanaşıram”
Sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğləri indeksləşdiriləcək. Bu, Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamında əksini tapıb.
Prezidentin Sərəncamı ilə hər il pensiyaların indeksləşdirilməklə artırılması eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur. Yeni Sərəncam bu istiqamətdə növbəti artımı təmin edir. Yəni bu il yanvarın 1-dək sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır.
Məsələn, şəxsin fərdi hesabında 45 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 3960 manat artırılmaqla 48 960 manata çatdırılır.
“Bu, orta aylıq pensiyadan, pensiya alanların sayından, pensiyanın minimum orta səviyyəsindən asılı olaraq dəyişir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisadçı alim Əli Əlirzayev pensiya kapitalının indeksləşdirilməsinə müsbət prizmadan yanaşdı: “Bu onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin, vətəndaşlarımızın pensiya kapitalı da indeksləşdirilərək artırılmalıdır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. O baxımdan pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinə müsbət yanaşıram. Çünki pensiya almaq üçün onun kapitalı olmalıdır. Yəni təyinatına uyğun olaraq o pul yığılmalıdır. Onun hansı mənbələr hesabına yığılması isə başqa məsələdir. Əmək haqlarının, gəlirlərin artması, vergilərin düzgün təşkili, bunların hamısı pensiya kapitalını formalaşdırılmalıdır. Pensiya kapitalı verilən pensiyaların məbləğinin ümumi həcmidir. Əgər pensiya kapitalı artmırsa, pensiyaları artırmaq qeyri-mümkündür. Ona görə də bütün bunların arasında birbaşa əlaqə var. Pensiya kapitalı orta aylıq pensiyadan, pensiya alanların sayından, pensiyanın minimum orta səviyyəsindən asılı olaraq dəyişir. Pensiyanın orta aylıq səviyyəsi artırsa, pensiya kapitalı da artmalıdır”.
Vidadi ORDAHALLI