Orta ixtisaslılar necə oftalmoloq işləyəcəklər? - Mübahisə yaranıb...
Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib. Dəyişikliklə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas əlavə olunub.
Həmin ixtisas optometriyadır. Məlumat üçün bildirək ki, bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcək.
Ancaq bu qərar narazılığa səbəb olub. Belə ki, mütəxəssislər hesab edir ki, optometriya adlanan ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcəksə o zaman bu kolleclərdə deyil, universitetdə tədris olunmalıdır.
Kamran Əsədov: “Ali təhsil müəssisəsində bu ixtisas tədris olunmalıdır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ali təhsil müəssisəsində bu ixtisas tədris olunmalıdır. İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində mamalıq işi, tibbi profilaktika, tibb bacısı (qardaşı) işi, ortopedik stomatologiya, müalicə masajı, laboratoriya diaqnostikası, əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib: “Kimlərsə 3-5 aylıq kurslarla apteklərdə göz müayinə və müalicəsini həyata keçirir ki, bu da bəzən ağır fəsadlara yol açır".
Pərvanə Mustafayeva: “Göz xəstəlikləri, görmə problemi, çəpgözlük, anadangəlmə korluq və digər gözlə bağlı məsələlərin müalicəsi, müayinəsi 4-5 aylıq kursla, 1-2 illik təhsillə həll edilən deyil”
Tibbi ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elə ixtisaslar var ki, onlar mütləq universitetdə tədris olunmalıdır. O ixtisaslardan biri də oftalmoloq kimi fəaliyyət göstərənlərdir. Bu elə bir sahədir ki, ani diqqətsizlik, səhv insanı işığa həsrət qoymaq deməkdir. Psixologiya, sosiologiya, profilaktika və ya terapiya kimi sahələr orta ixtisas sahələr üzrə təsnifatlandırıla bilər. Ancaq gözlə bağlı sahə yox. Məlumat üçün deyim ki, bu sahə elə bir sektordur ki, geniş profillidir. Göz xəstəlikləri, görmə problemi, çəpgözlük, anadangəlmə korluq və digər gözlə bağlı məsələlərin müalicəsi, müayinə 4-5 aylıq kursla, 1-2 illik təhsillə həll edilən deyil. Bu səbəbdən də hesab edirəm ki, sözügedən sahə ali təhsil müəssisələrində tədris olunmalıdır”.
Günel CƏLİLOVA