Seçkiqabağı "sükut günü" başladı
Azərbaycanda fevralın 7-ə təyin edilmiş Prezident seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatıb.
Trend-in məlumatına görə, bu gün Azərbaycanda seçkiqabağı "sükut günü" elan olunub.
Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”na əsasən, seçkiqabağı təşviqatın aparılması müddəti başa çatıb.
Təqvim planında qeyd olunur ki, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2024-cü il yanvarın 15-də başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 6-sı saat 8.00-da dayandırılır.
Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən aparıla bilər.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.