Ermənistanın 2 əsas silahlanma müttəfiqi rəsmi bəyan edildi - 3-cü ölkə də var...
Ramil Məmmədli: “Çox güman ki, Ermənistana silah satan digər ölkələr Yunanıstan və Yunan Kipridir”
Hindistan və Fransa Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlarına çevrilib. Bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Suren Papikyan bildirib.
“Silah və texnikanın əldə edilməsinin şaxələndirilməsi prosesində biz yeni tərəfdaşlar tapmışıq və bir çox supergüclərlə əlaqələr qurmuşuq. Xüsusən də, Hindistan və Fransa müdafiə sahəsində bizim əsas tərəfdaşlarımıza çevrilib. 2022-ci ilin sentyabr hadisələrindən sonra (Ermənistan-Azərbaycan sərhədində toqquşmalar) mövcud bazarların və imkanların (Rusiya silahlarının alınması üçün) bizim üçün bağlandığı bəlli olanda biz diversifikasiyanın təmin edilməsi məsələsini qaldırdıq. Bu istiqamətdə bizim əhəmiyyətli irəliləyişlərimiz və uğurlarımız var”, - deyə Papikyan bildirib.
Bundan əvvəl Paşinyan bildirmişdi ki, Ermənistan Rusiya ilə respublikanın silahlı qüvvələrinin islahatı konsepsiyasını həyata keçirməyə davam edə bilməz və hərbi-texniki əməkdaşlıq qurmaq üçün ölkələr axtarışındadır. “2022-ci ilin yanvarında bu konsepsiya hazır idi, lakin 2022-ci ilin qış hadisələri buna imkan vermədi”.
Maraqlıdır ki, Ermənistan Fransa və Hindistanı ölkənin yeni silahlanma müttəfiqləri kimi rəsmən elan edir. Üçüncü-dördüncü ölkələrin də olduğu deyilir, amma oların adı hələ çəkmir.
“İrəvan üçün Rusiyadan silah tədarük etmək artıq prioritet deyil”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistanın belə bir açıqlama ilə çıxış edəcəyi gözlənilən idi: “Onsuz da bu istiqamətdə proses gedirdi. Ermənistan Fransa və Hindistandan silah tədarük etdiyini gizlətmirdi. Rusiya ilə münasibətlər soyuqlaşdıqca, Paşinyan hakimiyyəti bu istiqamətdə daha çox səy göstərirdi. Əslində Fransa Ermənistanın hərbi təminatında əvvəllər də müəyyən qədər iştirak edib. Bu vasitələr daha çox rabitə avadanlıqları ilə bağlı idi və bu daha çox yardım formasında həyata keçirilirdi. Bunu belə təqdim etməyə cəhd edirdilər ki, Ermənistanın zəruri müdafiə silahlarına ehtiyacı var. 2020-ci ildən sonrakı dövrdə Ermənistan-Fransa hərbi texniki əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı ciddi addımlar atıldı. Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı hərbi-texniki əməkdaşlığa dair konkret sənədlər imzalandı. Daha əvvəl razılaşdırılmış müqaviləyə əsasən Ermənistana zirehli texnikaların gətirildi. Radiolokasiya sistemlərinin və radioelektron mübarizə sistemlərinin Ermənistana verilməsi Fransanın məqsədinin Ermənistan vasitəsilə Qafqazda nəzarəti həyata keçirmək olduğunu ortaya qoyur. Ötən il Fransanın müdafiə naziri Sebastyen Lekornu Fransanın üç ədəd GM 200 radarının satışı və “Mistral” zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini bəyan edib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək. Ermənistanın Hindistandan aldığı silahlar da əsasən Fransa lisenziyası ilə istehsal olunan silahlardır. Nəzərə alsaq ki, Ermənistan KTMTqərarlarına riayət etmir, bu, Rusiyadan uzqlaşmağın göstəricisidir. Həmçinin, Ermənistan üçün Rusiyadan silah tədarük etmək artıq prioritet deyil. Çox güman ki, Ermənistana silah satan digər ölkələr Yunanıstan və Yunan Kipridir. Çünki bu ölkələrlə Ermənistan arasında hərbi əməkdaşlıq genişlənir”.
Vidadi ORDAHALLI