Ərəb Əmirlikləri Azərbaycana 67 milyon, Ermənistana 305 milyon dollar yatırım edib - Rusiyanı ötdü...
Firdovsi Şahbazov: “İrəvan BƏƏ şirkətlərini ölkəyə sərmayə qoymaq üçün müxtəlif vasitələrlə şirnikləndirir”
Ermənistana yatırılan investisiyaların həcminə görə Birləşmiş Ərəb Əmirliyi Rusiyanı ötüb. Ötən il Ermənistana ən çox yatırım göstərən ölkə BƏƏ olub. Ermənistan iqtisadiyyatına 2023-cü ildə yatırılan xarici investisiyaların həcmi təxminən 1.4 milyard dollardır.
Ermənistan statistika qurumunun ötən ilin ilk 9 ayı ilə bağlı açıqladığı rəqəmlərə görə, BƏƏ-nin bu ölkəyə yatırdığı investisiyaların həcmi 305 milyon dollar olub. Ermənistana yatırılan investisiyaların həcminə görə ənənəvi olaraq lider sayılan Rusiyadan gələn xarici investisiyaların həcmi isə eyni dövrdə 250 milyon dollardır.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 9 ayında BƏƏ Azərbaycana 67 milyon dollar həcmində investisiya yatırıb. Bu da Ermənistanla müqayisədə təxminən beş dəfə az deməkdir.
Maraqlıdır, BƏƏ Ermənistanda nə görüb? Niyə arada bir belə fərq var?
“Ermənistanı bu ölkə üçün cəzb edən digər amil Rusiya almazıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, Ermənistanla BƏƏ arasında iqtisadi əlaqələrin səbəbləri ciddi araşdırılmalıdır: “Ən azından ona görə ki, potensial baxımından Azərbaycanın imkanları Ermənistanla müqayisədə qat-qat böyükdür. Düzdür, Azərbaycan BƏƏ-nin alternativ enerji sahəsində çalışan “Masdar” şirkəti ilə əməkdaşlıq edir. Ötən il bu şirkətin Azərbaycandakı ilk layihəsinin - 230 MVt gücündəki “Qaradağ” Günəş Elektrik Stansiyasının açılışı olub. Ancaq nəzərə almaq lazımdır ki, eyni şirkətlə Ermənistan arasında da əməkdaşlıq var. Tərəflər arasında imzalanan anlaşmaya görə, “Masdar” Ermənistanda 200 MVt gücündə günəş elektrik stansiyası tikir. İnvestisiyanın 85 faizi “Masdar” şirkəti hesabına olacaq. Həmin elektrik stansiyasına 174 milyon dollara yaxın investisiya qoyulacaq. BƏƏ-nin Ermənistana belə böyük maraq göstərməsinin bir neçə səbəbi var. Başlıca səbəb onunla əlaqədardır ki, BƏƏ Azərbaycanla-Ermənistan arasında müharibənin başa çatdığını hesab edir. Hesab edirlər ki, yeni müharibə risqi ortadan qalxdığı üçün Ermənistanla ticarət etmək olar. Digər başlıca səbəb Ermənistanın yeritdiyi iqtisadi siyasətlə əlaqədardır. Məsələ ondadır ki, İrəvan BƏƏ şirkətlərini ölkəyə sərmayə qoymaq üçün müxtəlif vasitələrlə şirnikləndirir. Ermənistan xarici sərmayələrdən asılı olduğu üçün bununla bağlı investorlara bir sıra güzəştlər edir. Bu cür iqtisadi siyasət Paşinyan hakimiyyətə gələndən sonra həyata keçirilir. Çünki bu güzəştlər olmasa, BƏƏ bu dərəcədə ora investisiya qoymazdı. Ermənistanı BƏƏ üçün cəzb edən digər amil Rusiya almazıdır. Sanksiyalar səbəbindən Ermənistan Rusiyadan gətirdiyi bəzi məhsulları yenidən digər ölkələrə ixrac edir. Eyni zamanda, Ermənistan xaricdən gətirdiyi bəzi məhsulları təkrar Rusiyaya ixrac edir. Ermənistanın almaz ixracındakı kəskin artımın səbəbi məhz Rusiya almazının təkrar ixracıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan qeyri-neft sektoruna xarici sərmayəni cəlb etmək əlavə tədbirlər görməlidir. Qanunvericilik təkmilləşdirilməli, bürokratik maneələr aradan qaldırılmalıdır. O zaman nəinki BƏƏ, digər ölkələrin investorları da iqtisadiyyata sərmayə qoyacaq”.
Vidadi ORDAHALLI