Uşaq yeməkləri 40-dan 120 manata qalxıb - hara qalxacaq?..
Kamran Məmmədli: “Qiymətlərin artmaması üçün ən doğru çıxış yolu Azərbaycanda uşaq qidalarının istehsalına başlanmasıdır”
Uşağını ana südü ilə qidalandıran analarla yanaşı, bunun əksini edənlər də var. Bəllidir ki, bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur. Uşaq qidalarının bahalığı imkansız və orta təbəqədən olan ailələri sözün həqiqi mənasında maddi sıxıntıya, çətin duruma salır.
Məlumat üçün bildirək ki, Azərbaycanda bəzi süni uşaq qidalarının qiyməti yenidən bahalaşıb. 0-6 aylıq körpələr üçün 800 qramlıq "Kabrita Gold-1" süni uşaq qidasının qiyməti 98 manatdan 120 manata qalxıb. Bildirək ki, qiymət artımı bütün uşaq qidalarında qeydə alınıb. Bu süni uşaq qidası 5 - 6 aylıq uşağın 1 həftə qidalanmasına ancaq çatır.
“Azərbaycana süni uşaq qidaları xaricdən idxal edildiyindən, son illər qiymətlərdə fantastik artım baş verib”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qiymətlərin artmaması üçün ən doğru çıxış yolu Azərbaycanda uşaq qidalarının istehsalına başlanmasıdır: "Ərzaq məhsullarının yarısının ölkədaxili istehsal olduğunu nəzərə alaraq uşaq qidaların istehsalına da başlamaq olar. Hətta bəzi inqrediyentlər Azərbaycana idxal olunsa belə, hər bir halda maya dəyəri düşəcək və qiymət daha ucuz olacaq. Azərbaycana süni uşaq qidaları xaricdən idxal edildiyindən, son illər qiymətlərdə fantastik artım baş verib. Dünya bazarında da qiymət qalxıb, logistika bahalaşıb, ona görə bizdə uşaq yeməklərinin qiymətində ciddi bahalaşma var. Bunun qarşısını almağın yolu, təbii ki, yerli istehsalın təşkilidir. Bu məsələ ilə bağlı kompleks tədbirlər görülməlidir. Uşaqlara çəkilən xərclər artdıqca, ailə qurmaq istəyənlərin, ailələrdə uşaqların sayı azalır. O baxımdan hesab edirəm ki, bu çox təhlükəli tendensiyadır. Aidiyyəti qurumlar bu məsələni nəzarətə götürməlidir. Körpə uşağa bahadır sözü demək olmur. Qiymət elə tənzimlənməlidir ki, hər kəsin cibinə uyğun olsun”.
Günel CƏLİLOVA