"Taksilər müştərilərini çaya, kofeyə qonaq edəcək" - haqq artırmağın absurd üsulu...
Eldəniz Cəfərov: “Taksi şirkətlərinin 10 qəpik servis haqqı alması daha çox qazanc əldə etməyə yönəlib”
Məlum olduğu kimi, Azərbaycanda taksi qiymətlərinə xidmət haqqı əlavə edilib. Bəzi taksi şirkətlərində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib. Bunun taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilib.
Qeyd etdiyimiz kimi, taksilər qiymət artımını xidmət haqqı ilə əlaqələndirir. Maraqlıdır, xidmət haqqı deyəndə nə nəzərdə tutulur? Olmaya taksi sürücüləri sərnişinə çay, kofe təklif edəcək? Sürücülərin xidməti sərnişinləri gedəcəyi ünvana çatdırmaqdır. Bu xidmətlə də bağlı hər hansı bir qərar olmadığı halda taksilərin xidmət haqqı adı altında qiyməti bahalaşdırması nə dərəcədə düzgündür?
“Qiymət artımının səbəbi varsa, taksi şirkətləri bunu açıqlamalıdır, lakin onlar cəmiyyətə çıxmırlar, heç bir sualı da cavablandırmırlar”
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli taksi operator şirkətləri istədiklərini edir və heç kəs onların özbaşınalığına müdaxilə etmir: “Məlumdur ki, taksi şirkətləri 2023-cü ilin yayında qeyri-qanuni şəkildə inhisarçılıq təşkil edərək, taksi qiymətlərinin 1,50 manatdan 2,50 manata yüksəlməsinə nail oldular. Taksi operator şirkətləri bu hərəkətlə Azərbaycanın bir sıra qanunlarını, o cümlədən inhisarçılıq haqqında qanunu, istehlakçıların hüquqlarını da pozublar. Nazirlər Kabinetinin 2019-cu ildə taksilərlə bağlı qəbul etdiyi reqlament qərar qüvvədədir və orada göstərilir ki, taksi qiyməti 1,50 manatdan başlayır. Məlumat üçün deyim ki, o qərar ləğv edilməyib və qüvvədə ola-ola qiymət artımına gedilir. Buna baxmayaraq, taksi şirkətlərinə qarşı hər hansı addım atılmadı. Ona görə də bu cəzasızlıqdan istifadə edərək istədikləri addımı atırlar”.
Ekspert hesab edir ki, indiki halda taksi şirkətlərinin 10 qəpik servis haqqı alması daha çox qazanc əldə etməyə yönəlib. Bundan isə nə sürücü, nə də keyfiyyət artırılmadığı üçün sərnişin yararlana bilir. Hər iki tərəf uduzur və qazanan taksi operatorları olur. Qiymət artımının səbəbi varsa, taksi şirkətləri bunu açıqlamalıdır. Lakin onlar cəmiyyətə çıxmırlar, heç bir sualı da cavablandırmırlar.
Günel CƏLİLOVA