Paşinyan yeni konstitusiyanın məsuliyyətindən qorxdu - "Top xalqa sarı atıldı"...
Tural İsmayılov: “Paşinyan revanşist müxalifətin təzyiqlərindən qorxduğu üçün belə danışır...”
Ermənistanın baş naziri Nikol Paşinyan planlaşdırılan yeni konstitusiya kontekstində Dördüncü Ermənistan Respublikasının yaradılması imkanlarına toxunub. “Armenpress” xəbər verir ki, bu barədə Paşinyan Ermənistan İctimai Radiosunun “Təhlükəsiz mühit” proqramına müsahibəsində danışıb.
Yeni Dördüncü Respublika üçün yeni konstitusiya təklif olunub-olunmaması ilə bağlı suala baş nazir belə cavab verib: “Bu, ideyalardan biridir”.
Paşinyan vurğulayıb ki, hakimiyyət konstitusiyanı dəyişə bilməz, hakimiyyət xalqa təklif verə bilər, xalqla danışa bilər, xalqa öz izahatını verə bilər və bu qərarı yalnız xalq verə bilər.
Müsahibəsindən görsənir ki, Paşinyan yeni konstitusiyanın qəbul olunması təşəbbüsünü şəxsən öz üzərinə götürmək istəmir. Deyir ki, biz konstitusiyanı dəyişmək istəmirik, biz xalqa bunu tövsiyə edirik. Yəni istəyir ki, bu, xalqın əli ilə baş versin, xalqın təşəbbüsü kimi görsənsin, öz təşəbbüsü kimi yox. Yeni konstitusiyanın qəbul olunmasını və onun məsuliyyətini o öz üzərinə niyə götürmək istəmir, niyə bu işi xalqın üzərinə qoyur?
“...Xalqın dəstəyini almadığı və ictimai rəydə mövqelərinin möhkəm olmadığını bildiyi üçün bu məsələni də öz üzərindən atmaq istəyir”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Ermənistandakı hakimiyyət qorxaq hakimiyyətdir. Ona görə də Ermənistandakı hansısa təşəbbüslərdə Paşinyan özü birbaşa iştirak etməyib. Bu gün xalqa verdiyi vədləri yerinə yetirməməsi Paşinyanın yalanlar danışmasına gətirib çıxarıb. Nəticədə hazırda Paşinyan ölkə konstitutsiyası ilə bağlı hansısa qərarları özü öz başına verməyə çalışır. Əlbəttə ki, xalqın dəstəyini almadığı və ictimai rəydə mövqelərinin möhkəm olmadığını bildiyi üçün bu məsələni də öz üzərindən atmaq istəyir. Yəni Paşinyan xalqdan qoruxduğu və hansısa qərarlar veriləndə xalqla məsləhətləşmədiyinə, ictimai rəyi heçə saydığına görə nəticədə bu hadisələr baş verir”-deyə bildirdi.
T.İsmayılov hesab edir ki, konstitutsiya məsələsində xüsusilə də revanşist müxalifətdən gələn ittihamlardan yayınmaq üçün belə bir açıqlama verir. “Paşinyan revanşist müxalifətin təzyiqlərindən qorxduğu üçün belə danışır, məsuliyyəti öz üzərinə götürmək istəmir”-deyə T.İsmayılov əlavə etdi.
İradə SARIYEVA