Orta aylıq pensiya məbləği nə qədər olacaq? - Nazir müavini açıqladı
Yeni sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezidentin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 5-də keçirilən mətbuat konfransında deyib.
"Yeni sərəncamla sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalları da Dövlət Statistika Komitəsinin məlumatı əsasında istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Göründüyü kimi, həmin pensiya kapitalları sosial sığorta ayırmaları ilə yanaşı, hər ilin əvvəlində dövlət tərəfindən də indeksləşdirilərək artırılır", - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla 6,5 milyard manat vəsait nəzərdə tutulub.
ZÜMRÜD