“Seçkilərə hazırlıq prosesi qanunvericiliyə uyğun formada həyata keçirilir” - Lebedev
“MDB Müşahidə Missiyası Azərbaycandakı seçkiləri müşahidə etmək üçün 17 yanvardan etibarən fəaliyyət göstərir. Ötən həftələr ərzində Missiya Qərargahının rəhbərliyi altında 8 müşahidəçi Azərbaycanın regionlarına səfər edib, dairə seçki komissiyalarının və məntəqələrin fəaliyyəti ilə tanış olublar”.Secki-2024.az saytı xəbər verir ki, bunu 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə deyib.
O qeyd edib ki, MDB Azərbaycan Respublikasının MSK ilə sıx əməkdaşlıq edir: “Bundan başqa, seçkilərin təşkili üçün məsul olan digər qurumlarla da birgə çalışırıq. Seçkilərə dəvət olunduğumuz üçün ilk növbədə minnətdarlığımı bildirirəm. Çünki müşahidəçi kimi dəvət olunmağımız bizə olan etimaddan xəbər verir və biz bu etimadın davamlı olmasını səmimi qəlbdən arzulayırıq. Bu,bizim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. Bizdən seçkilərə dair obyektiv qiymətləndirilmə gözlənilir”.
S. Lebedev vurğulayıb ki, Azərbaycanda seçkiqabağı hazırlıq prosesi planlı şəkildə, yüksək təşkilatçılıq və ən əsası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.