Ermənistanın mina terroru davam edir - daha bir nəfər Ağdərədə minaya düşdü...
Fevralın 5-də saat 11:45 radələrində Ağdərə rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı araşdırma aparılır.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının cərrah-həkimi Mübariz Mahmudov deyib ki, minaya düşən şəxsin sol ayağı baldır oynağı səviyyəsində amputasiya olunub. "Qanaxma dayandırılıb və ilkin cərrahi yardım edildi. Xəstə Bərdəyə müalicə üçün göndərildi", - deyə o əlavə edib.
Xatırladaq ki, dünən də Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı nəticəsində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənəli Şahin oğlu ayağından xəsarət alıb.
ZÜMRÜD