ABŞ birbaşa İrana zərbə endirə bilər - ABŞ əsgərlərinə hücumlar dayanmasa…
Yaxın Şərqdəki Amerika əsgərlərinə qarşı hücumlar davam edərsə, ABŞ birbaşa İrana zərbə endirə bilər. Bu iddia ilə Böyük Britaniyanın “Sky News” telekanalı çıxış edib. Yaxın Şərqdəki ABŞ bazalarına hücumlara və ABŞ-İran gərginliyinə diqqət çəkən Britaniya mediası Baydenin birbaşa İranı vurmaqdan yayındığını yazıb.
Telekanal bildirir ki, ancaq hücumlar davam edəcəyi təqdirdə ABŞ İranı vura bilər: “Amerika əsgərlərinə qarşı hücumlar dayandırılmazsa, Baydenin İranı vurmaqdan başqa çarəsi qalmaya bilər”.
Qeyd edək ki, İsrailin Qəzzada əməliyyatları Yaxın Şərqdə gərginliyi artırıb. İsrailə dəstək verən ABŞ bazaları da bölgədəki İran dəstəkli qrupların hədəfinə çevrilib. Bu yaxınlarda İordaniyadakı ABŞ bazasına 3 əsgərin ölümü ilə nəticələnən hücumdan sonra ABŞ ordusu əks-hücum üçün hərəkətə keçib.
İrana qarşı əməliyyatı təsdiqləyən ABŞ dünən İraq və Suriyada İranın dəstəklədiyi qrupları bombalayıb. Əməliyyatla bağlı məlumat yayan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 85 hədəfin vurulduğunu bildirib: “İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə və ona bağlı milis qruplarına qarşı hava hücumları həyata keçirdik”.
Əməliyyat çərçivəsində komanda və idarəetmə mərkəzləri, kəşfiyyat mərkəzləri və sursat anbarları bombalanıb.
TAHİR