Bu seçkilər Azərbaycanın suverenliyinin tam bərpası uğrunda mübarizəsinin məntiqi yekunu adlandırıldı...
“Prezident seçkiləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası uğrunda mübarizəsinin uzun mərhələsinin məntiqi yekunudur”. Bu sözləri secki-2024.az saytına açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker deyib.
Onun sözlərinə görə, müstəqillik illərində möhkəm iqtisadi baza və hərbi istehsal yaratmaq, nəqliyyat infrastrukturunu inkişaf etdirmək, ərzaq təhlükəsizliyinin əsaslarını qoymaq, yoxsulluğa son qoymaq və əhalini yüksək keyfiyyətli tibbi sığorta sistemi ilə təmin etmək mümkün olub. Məktəbəqədər, orta məktəb və ali təhsil sahəsində əhəmiyyətli uğurlar əldə edilib. Elmin, mədəniyyətin və incəsənətin geniş ictimaiyyət üçün əlçatan olan yeni sahələri inkişaf edib. Ekspert deyib ki, balanslaşdırılmış və dəqiq qurulmuş xarici siyasət sayəsində Azərbaycanı etibarlı və sadiq tərəfdaş kimi görən dost ölkələrlə möhkəm ittifaqlar sistemi qurmaq mümkün olub:
“Ölkənin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib, Azərbaycan Cənubi Qafqazda və bütövlükdə geniş geosiyasi ərazidə mühüm amilə və güc mərkəzinə çevrilib”.
Moisey Bekker qeyd edib ki, dünyanın aparıcı ölkələrində konfessiyalararası ziddiyyətlərin artması fonunda Azərbaycan, burada yaşayan bütün xalqların və dini konfessiyaların birlik və vəhdətini nümayiş etdirir, qoruyur.
“Təbii ki, əldə olunan uğurlar, onların yenidən dəyərləndirilməsini və təkmilləşdirilməsini tələb edir. Bu baxımdan seçkilərin keçirilməsi bundan sonrakı dövrdə dövlət institutlarının, istərsə də iqtisadi, siyasi idarəetmə və sosial təminat sistemlərinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi üçün vacibdir ”, - deyə ekspert vurğulayıb.