Rusiya Federal Məclisinin nümayəndələri də Azərbaycanda seçkiləri müşahidə edəcək
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti başda beynəlxalq məsələlər üzrə komitənin sədri Qriqori Karasin olmaqla, Azərbaycanda Prezident seçkilərinin müşahidəsində iştirak edəcək.
Secki-2024.az xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti bildirib.
“Fevralın 5-dən 8-dək senatorlar Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin müşahidəsində iştirak edəcəklər. Parlamentarilər Azərbaycana MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-nin Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyasının xətti ilə yollanacaqlar”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Federasiya Şurasının federativ quruculuq, regional siyasət, yerli özünüidarəetmə və Şimal məsələləri komitəsi sədrinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Aleksan Başkin daxildir.