Azərbaycanın çevrəsində ABŞ strateji hərbi layihələrini davam etdirir...
Daşdəmir Əliyev: “Bu tip birgə təlimlər kiçik miqyaslı olsa da, lakin siyasi jest əhəmiyyəti daşıyır”
Gürcüstanla ABŞ hərbi təlimlər keçirəcək. Bu barədə Baş nazirliyə namizəd İrakli Kobaxidze bildirib. O, qeyd edib ki, 2024-cü ildə Gürcüstan hakimiyyəti ABŞ-la birlikdə öz ərazisində "Troya izi" (Trojan Footprint) xüsusi təyinatlı qüvvələrinin təlimini və "Nəcib tərəfdaş" (Noble Partner) çoxmillətli manevr təlimlərini keçirəcək.
ABŞ-ın Azərbaycanla qonşu olan Ermənistanda, ardınca Gürcüstanda belə hərbi təlimlər keçməsi nə ilə bağlıdır? Belə addımlar bizə yönəlib, yoxsa Rusiyaya?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəl belə təlimi ABŞ Ermənistanda keçirdi: “Bu tip birgə təlimlər kiçik miqyaslı olsa da, lakin siyasi jest əhəmiyyəti daşıyır.
Ukraynada Rusiya bütün NATO alyansı ilə müharibə vəziyyətində olduğu halda, onun Cənubi Qafqazdakı əsas müttəfiqinin əsgərləri ABŞ hərbçiləri ilə birgə təlim keçirlər.
Cəmi 175 erməni və 85 amerikalı hərbçinin iştirakı ilə “Eagle Partner” adlanan bu sülhməramlı təlimlər ümumi mənzərəni tamamladı. Ermənistan öz təhlükəsizliyinin təminatçısı kimi Rusiyanı görmür və yeni müttəfiqlər axtarır. Təlimlərdən əvvəl İrəvanın və Moskvanın qarşılıqlı bəyanatları diqqəti çəkib. Rusiyanın separatçı qüvvələrə verdiyi dəstək nəticəsində Tiflisin itirdiyi Cənubi Osetiya və Abxaziya bölgələri və iki ölkə arasında 2008-ci ildə baş vermiş müharibəyə görə Gürcüstanın Moskva ilə əlaqələri pis vəziyyətdə qalmaqdadır.
NATO üzvü olmasa da, Gürcüstan könüllü olaraq NATO-nun hava və quruda istifadə edilməsi nəzərdə tutulan çoxmillətli NATO Cavab Qüvvələrinə öz hərbçilərini göndərir. ABŞ belə təlimləri əvvəl də keçirib. Məqsəd Rusiyaya əzələ nümayişidir. Bunun Azərbaycanla dərin əlaqəsi yoxdur”.
Məhəmmədəli QƏRİBLİ