ABŞ-nin Ermənistandakı səfirliyi əməkdaşlarının Azərbaycanla həmsərhəd şəhərlərə səfər məhdudiyyətlərini yumşaltdı
ABŞ-nin Ermənistandakı səfirliyi əməkdaşlarının Azərbaycanla həmsərhəd şəhərlərə səfər məhdudiyyətlərini yumşaldıb. Trend xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat dərc olunub.
Beləliklə, səfirlik əməkdaşları və onların ailələrinin zərurət olmadan səfər etmələri tövsiyə olunmayan şəhərlərin sayı azaldılıb.
"ABŞ səfirliyinin əməkdaşları və onların ailə üzvlərinə zərurət olmadan aşağıdakı yerlərə səfər etmək qadağan olunur ki, bu da son bildirişdən sonra məhdudiyyətlərin yumşaldığını göstərir: Basarkeçərdən şərqdə Gegarğunik; Gorusdan şərqdə Sünik vilayəti; Qafandan cənubda Sünik vilayəti; Ararat vilayətinin Arazdəyən kəndindən keçidə icazə verilir, dayanmaq qadağandır", - səfirliyin məlumatında deyilir.
Səfirlikdən bildiriblər ki, ABŞ vətəndaşları "Ermənistan və Azərbaycan arasında bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidir".