Zaxarova Rəsulzadənin tarixini elə ermənilər kimi bilirmiş...
Fərəc Quliyev: “Zaxarovanın yersiz olaraq bizim daxili işlərimizə, Rəsulzadəyə dil uzatması Azərbaycanın daxili işlərinə qarışmaqdır”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi son brifinqdə erməni jurnalist ona Rəsulzadə ilə bağlı sual ünvanlayıb.
O, Zaxarovaya İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, guya Cümhuriyyətimizin qurucusu İkinci Dünya müharibəsi illərində Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasında “iştirak edib”.
Buna cavabında özünü Azərbaycanın strateji müttəfiqi adlandıran Rusiyanın rəsmisi “Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”, - deyə cavab verib. Rusiya hansı haqla müstəqil dövlətin öz tarixi şəxsiyyəti ilə bağlı bu və ya digər qərarını, fəaliyyətini təftiş edir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sualı bir qədər fərqli qoymaq lazımdır: “Əgər bir dövlət hansısa imperiya tərəfindən işğal olunursa, ona qarşı mübarizə aparmaq, yoxsa aparmamaq qəbahətdir? Əlbəttə ki, dövlət işğal olunubsa, o imperiyaya qarşı mübarizə aparmaq lazımdir. Azərbaycan legionerləri Düdənginskinin, Rəsulzadənin rəhbərliyi ilə Rusiyaya qarşı hər zaman mübarizə aparıb. Rəsulzadə isə həmişə deyirdi ki, biz heçdən bir dövlət yaratdıq. Ancaq heçdən yaranan dövlətin də Rusiyanın, Almaniyanın və başqa dövlətlərin işğalı altında qalmasını heç bir siyasi xadim qəbul etmirdi. Sadəcə olaraq, Azərbaycanı işğal edən dövlətə qarşı mübarizə aparırdılar və Azərbaycanın müstəqilliyini bərpa etmək istəyirdilər. Azərbaycanın 20-ci ildə işğalından sonra da mübarizə dayanmadı. 37-ci, hətta 50-ci illərə kimi bəzi yerlərdə qaçaqçılıq hətəkatı oldu. Bundan əlavə, Rəsulzadə və onun tərəfdarları arasında mübarizə getdi. Bütün bunlar bir-birini əvəz edən dalğalar idi. Azərbaycan xalqı dövlətçiliyinə hər zaman sadiq olub. 1828-ci ildə Azərbaycan ikiyə bölündükdən sonra bu mübarizə nə Güney, nə də Quzey Azərbaycanda heç vaxt dayanmayıb. Rusiya imperiyasına qarşı mübarizə aparmaq harda, hansı formada olursa olsun, qəbahət sayılmalı deyil. Təbii ki, Zaxarova bunu qəbul etməyəcəkdi. Rusiya özünü SSRİ-nin varisi hesab edir və bütün imkanlarını da SSRİ-nin bərpası üçün səfərbər etməyə çalışır. Zaxarovanın bizim dövlət xadimlərimizdən xoşu gəlmir, bu bəllidir. Biz hər zaman mübariz xalq olmuşuq. Mənim də taleyimə bir deputat kimi 1991-ci ildə qəbul olunan Müstəqillik Aktını hazırlamaq və ona səs vermək düşüb. 44 günlük müharibədə də ərazilərimizin işğaldan azad olunması, müstəqil dövlətimizin bərpası üçün minlərlə şəhid vermişik. Bu Rusiyanın xoşuna gəlməyəcək əlbəttə. Çünki bizim Müstəqillik Aktında Azərbaycan Demokratik Respublikasının Rəsulzadənin və onun arkadaşlarının rəhbərlik etdiyi respublikanın davamçısı olduğu göstərilir. Ona görə də, Rəsulzadəyə qarşı belə barışmaz münasibət Azərbaycanda müstəqilliyin keşiyində dayananlara qarşı bir münasibətdir. Rusiyanın məqsədi yenidən SSRİ-nin bərpası olduğu üçün, hər vachlə buna çalışırlar. Rəsulzadəyə olan bu münasibət xüsusilə Azərbaycanın müstəqillik düşüncəsinə qarşı olan bir münasibətdir. Zaxarovanın yersiz olaraq bizim daxili işlərimizə, Rəsulzadəyə dil uzatması Azərbaycanın daxili işlərinə qarışmaqdır. Mən hesab edirəm ki, dövlət səviyyəsində olmasa da, ictimai təşkilatlar tərəfindən cavabını almalıdır. Azərbaycan öz müstəqilliyi naminə istənilən formada mübarizə aparmalıdır”.
Məhəmmədəli QƏRİBLİ