Azad edilmiş ərazilərdə ilk “ağıllı kənd”in sakinlərinin tarixində misilsiz hadisə...
Mübariz Göyüşlü: “Zəngilan rayonunun Ağalı kəndində seçkilərin təşkili mühüm əhəmiyyət daşıyır”
Azad edilən ərazilərimizdə ilk dəfə seçkilər keçiriləcək. Fevralın 7-nə təyin edilən seçkilər üçün azad edilən rayonlarda seçki məntəqələri də yaradılıb. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində fevralın 7-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı məlum olub.
Məlumat üçün bildirək ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən kənddə yaradılan 33 saylı seçki məntəqəsində 61 nəfər prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Artıq seçkilərə hazırlıq prosesi başa çatıb, kənddə yeni yaradılmış 33 saylı məntəqə lazımi texniki vasitə və metodiki vəsaitlərlə tam təmin edilib.
Maraqlıdır, Azərbaycanda azad edilmiş ərazilərdəki ilk ağıllı kəndin sakinlərinin ilk dəfə prezident seçkilərində səs verməsinin nə kimi daxili və beynəlxalq əhəmiyyəti olacaq?
“Azad olunan bölgələrdə seçkilərin keçirilməsi ilə Azərbaycan dövləti dünyaya mesaj verir ki…”
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 7 fevral günü keçiriləcək prezident seçkiləri Azərbaycan tarixinin ən möhtəşəm günlərindən biri olacaq: “İlk dəfədir ki, bütün Azərbaycanda səsvermə keçiriləcək. İşğaldan azad olunan ərazilərin sakinləri də böyük sevinclə, həvəslə seçkidə iştirak edəcək. Danılmaz faktdır ki, işğaldan azad edilən ərazilərə bu gün yeni nəfəs verilib. Məlumdur ki, o yerlər minalardan təmizlənib, müasir infrastruktur yaradılıb. O cümlədən, Zəngilan rayonunun Ağalı kəndində seçkilərin təşkili mühüm əhəmiyyət daşıyır. Azad olunan bölgələrdə seçkilərin keçirilməsi ilə Azərbaycan dövləti dünyaya mesaj verir. Bununla biz dünyaya bir daha sübut edirik ki, Azərbaycan dövləti heç bir halda öz torpağını düşmən tapdağı alında saxlaya bilməzdi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövləti işğaldan azad olunan bölgələrdə infrastrukturu müasir dövrün tələblərinə uyğun formada qurur, beynəlxalq əhəmiyyətli tədbirlər keçirir. Ən möhtəşəm hadisə olan prezident seçkilərini də həmin bölgələrdə keçiriləcək: “Azərbaycan dövlətinin inkişafını arzulamayan xəbis qüvvələrə xalqımız öz fəaliyyəti ilə dərs verir. Daxili və xarici düşmənlər Azərbaycanın gücünü görür və görəcək”.
Günel CƏLİLOVA