Ermənistan hökuməti Araz çayını "qurutmaq layihəsini" müzakirə etdi....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistan tərəfindən Azərbaycana qarşı hazırlanan daha bir ekoloji təxribat barədə paylaşım edib. Politoloq yazır: "Ermənistan Azərbaycana qarşı daha bir ekoloji cinayət planı hazırlayır. Fevralın 1- də Paşinyan hökuməti Araz çayının suyunu hər il noyabrın 1- dən martın 31- dək 5 ay müddətində Metsamor AES- in su hövzəsinə axıtmaq layihəsini müzakirə edib. Bu layihə faktiki olaraq Araz çayının qurudulması planıdır. Arazın Azərbaycan üçün iqtisadi, iqlim və strateji nöqteyi - nəzərdən nə demək olduğunu nəzərə alsaq , planın arxasında ölkəmizin süverenliyinə qarşı çevrilmiş necə böyük cinayətin hazırlandığını görmək olar.
Bu layihə Xruşşovun dövründə ermənilərin baş katibin "ağzını saxta qızıl balıqlarla yağlayaraq" Arpaçayın suyunu Göyçə ( Sevan ) gölünə axıtmaq üçün tunel tikmək layihəsinə bənzəyir. Onlar bununla Azərbaycana böyük ziyan vuraraq Göyçəni (Sevanı) doldurmaq istəyirdilər...
Ermənilər Araza niyə göz dikiblər?
Metsamor AES- i bağlamaq barədə Avropa Birliyinin tələblərinin ziddinə olaraq Rusiya ilə bu atom stansiyasının yenidən qurulması və genişləndirilməsi barədə razılaşma imzalayıblar. Genişləndirilən Metsamora təbii ki, daha çox su lazım olacaq. Mersamorun təmiz su hövzəsindən ətraf bölgələrin təsərrüfat tələbləri üçün istifadə imkanı təbii olaraq yaranır. Hələliksə 5 aylıq istifadə qrafikindən danışan ermənilər heç şübhəsiz ki, Arazın suyunu ilboyu Metsamora axıtmaq fürsətini əldən buraxmayacaqlar.
Bir ay əvvəl Ermənistan Su ehtiyatları nazirliyi Türkiyə ilə sərhəd yaxınlığında Araz çayının yatağını dəyişdurmək üçün bir neçə milyon dollarlıq layihə hazırladıqları barədə məlumat yaymışdı. Belə izah vermişdilər ki, guya həmin ərazidə çay qumundan nizamsız istifadə olunması çayın yatağına mənfi təsir edib və guya çayın yatağının bərpası üçün bu çox vacib imiş.Əslində isə ermənilərin Arazla bağlı iştahlı planlarından xəbər verən növbəti faktdır.
Hazırda Türkiyə ilə sərhəddə Arazın yatağı ilə bağlı hansı işlərin görüldüyü və bunun Arazı Göyçəyə ( Sevana) tərəf döndərmək planı ilə necəsə bağlı olub- olmadığı məlum deyil.
Ancaq bəlli olan odur ki, Araz transsərhəd çay olduğu üçün Ermənistan onun sularından özbaşına istifadə edə bilməz və heç bir layihə icra edə bilməz. Yəqin Azərbaycan dövlətinin də məsələ ilə bağlı ciddi təpkisini görəcəyik. Heç şübhə yoxdur ki, Ermənistanın bu layihəni həyata keçirməsi onsuz da dayazlaşmaqda olan Arazın qurumasını sürətləndirəcək və Ermənistanın istəklərindən biri də elə budur."
Mətləb