Çexiya spikeri İrəvanda verdiyi bəyanatları təkzib etdi - Qarabağ Azərbaycandır...
Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib. Trend xəbər verir ki, bunu jurnalistlərə Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova deyib.
“Hesab edirəm ki, mənim sözlərim təhrif edilib. Qarabağın Azərbaycan torpağı olmasına heç vaxt şübhə etməmişəm. Çexiya bütün ölkələrin, o cümlədən Cənubi Qafqazın bütövlüyünü və suverenliyini dəstəkləyir”, - o bildirib.
Spikerin sözlərinə görə, Çex Respublikası üçün tərəflər arasında dialoqun mövcud olması vacib amildir: "Biz, əlbəttə, ölkələrin suverenliyini dəstəkləyirik və əlimizdən gələni etməyə hazırıq ki, Azərbaycan ilə Ermənistan arasında dialoqun yaranmasına töhfəmizi verək".
M.Pekarova sülhün bərqərar olduğu Qafqaz regionunun bundan sonra daha da çiçəklənəcəyini bildirib: “İndi vacib olan məsələ gələcəyə nəzər salmaqdır. Hazırda region ölkələri arasında yeni əlaqələr inkişaf etməkdədir. Bu da bizim hamımız üçün vacibdir”.
Xatırladaq ki, bir gün əvvəl Ermənistan mətbuatı yazmışdı ki. Marketa Pekarova Adamova İrəvana səfəri zamanı “Azərbaycanı Ermənistanla danışıqlara qaytarmağa kömək etmək niyyətində olduğunu” bildirib və “Azərbaycanı sülhü bərpa etməyə məcbur etmək üçün bütün mövcud rıçaqlardan istifadə edəcəyini” vəd edib.