Əyani doktorantların bu pulu niyə kəsilir?
İlqar Orucov: “Onlara başqa müəssisələrdə tam ştat çalışmaqla bağlı məhdudiyyət tətbiq olunur, amma doktorant olduqları müəssisədə hətta tam ştatda işləməyə də imkan yaradılır”
Doktoranturaya əyani və ödənişsiz qəbul olunan doktorantlar başqa müəssisədə tam ştat çalışa bilməzlər. Buna səbəb olaraq isə dövlətin əyani və ödənişsiz təhsil alan doktoranta 230 manat təqaüd ödəməsi göstərilir.
Bu qərarı ədalətli hesab etmək olarmı?
Verilən bu qərar hazırda müzakirə olunur və bəzi ekspertlər hesab edir ki, bu onların maddi təminatına mənfi təsir göstərməklə yanaşı, eyni zamanda elmdən soyumasına da səbəb ola bilər. Bir qisim ekspertlər isə qərarı ədalətsiz hesab etmir.
“Bu ədalətli qərardır”
Qərara şərh verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə “Hesab edirəm ki, bu doğru qərardır. Çünki əyani və eyni zamanda ödənişsiz qəbul olunan doktorantlar istehsalatdan ayrılmaq şərti ilə qəbul olunurlar. İstehsalatdan ayrılmaq o deməkdir ki, onlar hər hansı bir kənar müəssisədə tam ştatda çalışa bilməzlər.
Düzdür, əvvəllər doktoranturada oxuyuyanlara hansısa bir müəssisədə yarım ştat işləmək şansı verilirdi. Hesab edirəm ki, bu da elmi müəssisələrin rəhbərləri tərəfindən humanist bir yanaşma idi. Tutaq ki, bunlar kiçik elmi işçi kimi çalışırdılar, eyni zamanda doktorant kimi əyani oxuyurdular. Həm kiçik elmi işçi kimi əməkhaqqı alırdılar, həm də dövlət onlara təqaüd verirdi. Bu gəlirlər də onların sosial rifahlarının güclənməsinə yardım edirdi.
İndi, bildiyim qədər, onlara başqa müəssisələrdə tam ştat çalışmaqla bağlı məhdudiyyət tətbiq olunur, amma doktorant olduqları müəssisədə hətta tam ştatda işləməyə də imkan yaradılır”-deyə bildirdi.
İ.Orucovun sözlərinə görə, dövlət əyani və ödənişsiz oxuyan doktorantlara ona görə təqaüd verir ki, onlar məhz təhsil aldıqları, doktorant olduqları müəssisədə elmi işləri ilə daha ciddi məşğul olsunlar, zamanında müdafiə edə bilsinlər. O qeyd etdi ki, doktorant həm 230 manat təqaüd alır, həm də doktorant olduğu müəssisədə çalşırsa, bu onun təhsil aldığı müddətdə ona dəstəkdir, köməkdir. “O ki qaldı doktorantların kənar müəssisədə tam ştatda çalışmalarına, əlbəttə, bu birbaşa elmi işlərinin zamanında görülməsinə maneçilik törədir. Bu baxımdan hesab edirəm ki, bu ədalətli qərardır”-deyə İ.Orucov vurğuladı.
İradə SARIYEVA