NATO-nun Ermənistanla yeni Tərəfdaşlıq planı sülhə pis təsir edə bilər...
Ramil Məmmədli: “Bütün hallarda, bu əməkdaşlıq Azərbaycanla sülh prosesinə mənfi təsir edəcək”
NATO Ermənistan üçün yeni olan fərdi tərtib edilmiş Tərəfdaşlıq Proqramı hazırlayır. Bu, yaxın həftələrdə olacaq. Son illərdə Ermənistanla NATO arasında yaxınlaşma var.
Bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Havyer Kolomina “Armenpress”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib: “Ermənistanın xarici və müdafiə siyasətində qəbul etdiyi qərarlar, qəbul etdikləri dəyişiklik bizi də çox ruhlandırır. Bilirəm ki, bu çətin bir qərardır və yəqin ki, uzun müddət çəkəcək”.
Qeyd edək ki, bir müddət öncə Paşinyan NATO nümayəndəsi ilə Ermənistanın alyansla əməkdaşlığını müzakirə etmişdi.
Maraqlıdır, X.Kolominanın bəhs etdiyi tərəfdaşlıq nə ola bilər? Özü də hələ də sülh sazişindən yayınan Ermənistana bu necə təsir edəcək?
“NATO-nun Ermənistanla yeni tərəfdaşlığı bu ölkəyə yaxın olan dövlətlərin vasitəsilə həyata keçiriləcək”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu, NATO-nun Ermənistan üçün nəzərdə tutduğu xüsusi proqram olacaq: “Ona görə xüsusi proqram olacaq ki, de-yure Ermənistan NATO-ya qarşı olan hərbi blokda təmsil olunur. Söhbət ondan gedir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur. NATO hazırki mərhələdə hərtərəfli hərbi əməkdaşlıq edə bilməz. Ona görə ki, bu, həm Alyansın, həm də KTMT-nin prinsiplərinə ziddir. Ancaq son vaxtlar Ermənistan ordusunun da NATO standartlarına uyğunlaşdırılması prosesinə başladığı haqda xəbərlər yayılır. Məsələn, Ermənistan ordusu üçün hazırlanan yeni formada NATO standartları nəzərə alınacaq. Ermənistan Müdafiə Nazirliyi yeni geyim formasını seçərkən həm NATO meyarlarına, həm də beynəlxalq təcrübənin öyrənilməsinin nəticələrinə uyğun fəaliyyət göstərir. Bu prosesdə xüsusilə ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularının hərbi geyim nümunələri tədqiq edilib. Bütün bunlar Ermənistanın perspelktivdə KTMT-dən çıxacağından və buna hazırlığın getdiyindən xəbər verir. Hər şey birdən-birə olmur. Təsadüfi deyil ki, Rusiya XİN rəsmisi Zaxarova Kolominanın açıqlamasına sərt münasibət bildirib. Fikrimcə, NATO-nun Ermənistanla yeni tərəfdaşlığı bu ölkəyə yaxın olan dövlətlərin vasitəsi ilə həyata keçiriləcək. Məsələn, Fransa, Yunanıstan erməni ordusunun müvafiq standartlara uyğun hazırlanmasında, silahlanmasında iştirak edə bilər. Onsuz da bu özünü göstərməkdədir. Bütün hallarda bu əməkdaşlıq Azərbaycanla sülh prosesinə mənfi təsir edəcək. Qucaqdan-qucağa düşməyə adət edən Ermənistan danışıqlarda daha destruktiv və pozucu mövqedən çıxış edəcək. Yeni hami tapandan sonra daha da həyasız mövqe sərgiləyəcəklər. Bu isə regionda gərginliyə səbəb olacaq”.
Vidadi ORDAHALLI