Ermənilər Azərbaycan Konstitusiyasını dəyişmək gücündə deyillər...
Tofiq Abbasov: “Ermənistanın nə siyasi, nə tarixi, nə də mənəvi cəhətdən belə haqqı var ki, Azərbaycan Konstitusiyasında qüsur, çatışmazlıq tapsın”
Azərbaycan Konstitusiyasına düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib:
“Növbəti dəfə Ermənistan rəsmilərindən yeni Konstitusiyaya ehtiyacın nə dərəcədə Bakının tələbi ilə bağlı olduğunu soruşmaq istəyəndə bilin ki, danışıq aparan erməni rəsmilər də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyini gündəmə gətirirlər. Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var”.
Onun sözlərinə görə, Ermənistan tərəfi hər hansı danışıqları güzgü effektində aparır:
“Əgər bu danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir”.
Öz konstitusiyalarını dəyişib qurtarmamış indi də keçiblər bizimkinə. Onların konstitusiyasında başqa dövlətlərə açıq ərazi iddiaları var. Bizim konstitusiyamızda sülhə mane olacaq nə var ki?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın rəhbərləri, diplomatiyası son vaxtlar güzgü prinsipini əllərində bayraq ediblər: “Yerli-yersiz olmasına baxmayaraq, istənilən məqamda ona istinad edirlər. Əslində bu yanaşmanın kökündə cəfəngiyat durur. Söhbət iki dövlətin əsas qanuni konstitusiyasından gedirsə, burada köklü fərqlər var. Ermənistan konstitusiyasında qonşu dövlətlərə açıq - aşkar təhdid öz əksini tapıb. Belə olduğu halda, bu dövlətin xarici siyasətində böyük çatışmazlıqlar durur. Ona görə də, onlar tam şəkildə qonşuluq siyasətində möhkəmlənə bilmirlər. Qonşuluq siyasəti nədən bəhs edir? İlk olaraq, münasibətlər olmalı, diplomatik əlaqələr yaradılmalıdır. Tərəflər arasında etimad mühiti formalaşandan sonra gələcəyə ümidverici əlaqələr, iqtisadi, ticari münasibətlər formalaşır. Ermənistan ən azı iki dövlətə belə yanaşır ki, guya onların ərazisinin bir hissəsi ermənilərə aiddir. Ancaq belə bir konstitusiya keçərli deyil. Ermənistanın nə siyasi, nə tarixi, nə də mənəvi cəhətdən belə haqqı var ki, Azərbaycan konstitusiyasında qüsur, çatışmazlıq tapsın. Bu, sadəcə Azərbaycan tərəfindən onlara ötürülmüş bir mesajın əks cavabıdır. Ermənistan belə bəsit tərzdə öz diplomatiyasının imkanlarını əks etdirir. Ermənistanın başında duranların bir çoxu demaqogiyayla məşğuldur. Onlar manipulyasiyalarla çalışırlar ki, guya öz ölkələrinin sağlam obrazını dünya birliyinə çatdırsınlar. Amma əslində bu obraz natamam obrazdır. Bir daha göstərirlər ki, nə siyasi, nə mənəvi cəhətdən təkmil deyillər. İlk növbədə də əqli çatışmazlıqları var. Odur ki, bizim konstitusiyaya irad bildirmələri sadəcə cənfəgiyat və yolverilməzdir. Onların özlərinin müstəqillik aktında qüsur var. Bu eyni zamanda dünya birliyinə təhdiddir, risqdir. Qarabağ bölgəsini özlərinin hesab etməsi belə onlarda olan xəstə ruhun təfəkkürüdür. Odur ki, bu proseslərin hamısının kökündə hiylə, yalan durur. Azərbaycan bundan sonra onlara heç vaxt imkan verməyəcək ki, bizim daxili işlərimizə qarışsınlar”.
Məhəmmədəli QƏRİBLİ