Otellər özlərini "saxta ulduzlarla" təltif etməyə başlayıblar...
“Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Ancaq bir sıra otellər müvafiq qurumlardan “ulduz” almağa həvəs göstərmir və bunu özfəaliyyət səviyyəsində həyata keçirirlər.
Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam mediaya açıqlamasında deyib ki, “Turizm haqqında” qanuna əsasən, ulduz təsnifatından keçmək bütün hotellər üçün məcburidir: “Təəssüf ki, bu prosesdən yayınanlar özləri ulduz təyin ediblər. Bu şəkildə hotellərini bukinq platformalarda təqdim edən hotellər hələ də mövcuddur. Bununla bağlı “Turizm haqqında” qanunu tənzimləyən əlavələrə ehtiyac olduğunu düşünürəm”.
Elçin Rüstəm: “Hansısa otel müxtəlif formada ulduz alacaqsa, bu onun ziyanına olacaq, çünki xidmət bunun əksini göstərirsə…”
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı, turizm sahəsi üzrə ekspert Elçin Rüstəm “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hotellərin ulduz olmadan fəaliyyət göstərə bilməməsi düzgün addımdır: “Məlumdur ki, yeni fəaliyyətə başlayan hotellər 6 ay ərzində çalışacaq ulduz alsın. Ancaq həmin hotellər bilməlidir ki, ulduzun verilmə qaydası elə də asan deyil. Bunun üçün xüsusi qaydalar və normativlər var. Hansısa otel müxtəlif formada ulduz alacaqsa bu onun ziyanına olacaq. Çünki xidmət bunun əksini göstərirsə, o zaman itirən hotel olacaq. Həmin hoteldə olan xarici turist öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanda olan hotelin göstərilən ulduz sayına görə xidmət göstərmədiyini paylaşarsa, bu bizim ölkəyə sərf etməz”.
Samir Dübəndi: “Yeni “Turizm haqqında” qanuna görə otellərin ulduz alması icbari hesab edilir, lakin otellər bu sistemə həvəslə qoşulmur”
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndinin sözlərinə görə, 2021-ci ildə qəbul edilmiş “Turizm haqqında” qanunda hotel qismində fəaliyyət göstərən müəssisələrin təsnifat sistemindən keçməsi icbari xarakter daşıyır: “Bu qayda bütün yerləşdirmə vasitələrinə şamil edilmir, yalnız mehmanxana kimi fəaliyyət göstərən bizneslərə aiddir. Qanuna görə, mehmanxana qəbul-qeydiyyat bölməsi, sanitar qovşağa malik otaqları, gündə azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 nəfər olan yerləşmə vasitəsidir. Qanunvericilikdə öz əksini tapmış təsnifat sisteminin tətbiq edilmə təcrübəsi ölkəmiz üçün 20 ildən artıqdır. Yeni “Turizm haqqında” qanunun qəbul edilməsinə qədər bu proses könüllü hesab edilirdi. Hazırda bu qayda icbari hesab edilir. Lakin hotellər bu sistemə həvəslə qoşulmurlar. Təsnifat sisteminin biznes üçün faydalarını daha geniş miqyasda təşviq etmək, qəbul edilmiş təsnifat sistemini yenidən nəzərdən keçirib, onu kor-koranə Avropadan köçürmək əvəzinə, yerli vəziyyətə adaptasiya etmək və təkmilləşdirmək kimi məsələlərə diqqət yetirilməlidir”.
Günel CƏLİLOVA