Mərkəzi Bank neçənci dəfədir bu üsula əl atır - Nəticə?..
Xalid Kərimli: “Əsas niyyət kredit bazarında fəallığın artmasıdır”
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən mütəmadi olaraq uçot dərəcəsi dəyişdirilir. Maraqlıdır, uçot dərəcəsinin dəyişdirilməsinin Azərbaycan iqtisadiyyatına, maliyyə sisteminə nə kimi təsiri olur? Qeydə alınan son dəyişikliklərdən hər hansı nəticə gözlənilə bilərmi?
“Hökumət hələlik inflyasiyanı nəzarət altında saxlamaq niyyətində olduğuna görə, manatın məzənnəsinin ucuzlaşmayacağını düşünürəm”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Mərkəzi Bank aldığı borcları azaltmaq üçün belə bir addım atır: “Məlum olduğu kimi, Mərkəzi Bank qiymətli kağızlar bazarında qısa notlar buraxır və buna investisiya yatıran subyektlərə elan etdiyi faiz dərəcələrinə uyğun faiz ödəyir. Eyni zamanda, AMB bazarın daha da aktivləşməsində təsiredici rola sahib olmaq istəyir. Burada təəssüfləndirici bir amil var. Belə ki, AMB-nın hələ də həyata keçirdiyi faiz siyasətinin transmissiyası elə də sürətli deyil. Yəni, son vaxtlar AMB dərəcələrini aşağı salsa da, iri kommersiya banklarının faizləri artırdığı müşahidə olunur. Bu da AMB-nın rəsmi şəkildə həll etməsi vacib amillərdən biridir. Bütün hallarda isə bu qərar iqtisadiyyatımızın inkişafı üçün müsbət siqnaldır”.
Iqtisadçının sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsinin dəyişməsini ötən il inflyasiyanın aşağı düşməsi ilə izah edir: “Mərkəzi Bank manatın faiz dərəcəsini aşağı salmaqla, əslində inflyasiyanın kəskin aşağı düşməsinə mane olmağa, iqtisadi aktivlikdə rol almağa və bunu dəstəkləməyə çalışır. Əsas niyyət kredit bazarında fəallığın artmasıdır. Qiymətlərin səviyyəsinin və inflyasiya tempinin aşağı salınmasının iki səbəbi var. İlk olaraq deyim ki, dünyada baş verən proseslərlə bağlıdır. Buna görə də ölkəmizdə əmtəə qiymətləri indeksi son 12 ayda 18,9 faiz, ərzaq qiymətləri indeksi isə 10,1 faiz azalıb. Eyni zamanda, manat dollara fiksə edildiyinə görə, ticarət tərəfdaşlarımızın milli valyutalarına nisbətdə 19,3 faiz bahalaşıb. Hər iki amil birlikdə Azərbaycanda inflyasiya və inflyasiya gözləntilərini aşağı salıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, cari ildə manatın dollarla müqayisədə 1.70 AZN səviyyəsində qalacağı proqnozlaşdırılır. 2025-ci ildə isə bu sahədə hansı dəyişikliklər olacaq, bununla bağlı hələlik heç nə demək mümkün deyil: “Bu da onunla bağlıdır ki, tədiyyə balansının profisitli, enerji qiymətlərinin yüksək olacağı gözlənilir. Hökumət hələlik inflyasiyanı nəzarət altında saxlamaq niyyətində olduğuna görə, manatın məzənnəsinin ucuzlaşmayacağını düşünürəm”.
Günel CƏLİLOVA