Azı 85 min müşahidəçinin gözündən seçki günü nəsə yayına bilməz...
Tural İsmayılov: “Bu qədər şəxsin seçkilərdə iştiraka meylli olması beynəlxalq aləmin marağının təcəssümüdür”
Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı 85 min müşahidəçi qeydiyyatdan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdəki seçki məntəqələrinin hamısı yüksək şəraitlə təmin edilib: “Oradakı məntəqələr Azərbaycanın digər bölgələrindəki məntəqələrdən daha abad və gözəldir. Çünki azad olunmuş ərazilərdə aparılan tikinti digər ərazilərdəki tikinti standartlarından da yüksəkdir”.
Qeyd edildiyi kimi, 85 min müşahidəçi seçkiləri izləmək üçün qeydiyyatdan keçib. Maraqlıdır, bu qədər müşahidəçi seçkinin, səsvermənin effektinə necə təsir edəcək?
“Azərbaycanda keçiriləcək növbədənkənar seçkiləri müşahidə etmək üçün çoxlu sayda beynəlxalq müşahidəçinin ölkəmizə gəlməsi çox vacib əhəmiyyətə malikdir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, beynəlxalq aləmin seçkilərə marağı göz qabağındadır. Azərbaycanda keçiriləcək növbədənkənar seçkiləri müşahidə etmək üçün çoxlu sayda beynəlxalq müşahidəçinin ölkəmizə gəlməsi çox vacib əhəmiyyətə malikdir. Bu gün beynəlxalq münasibətlər sistemi elə formalaşıb ki, istənilən ölkədə müşahidəçilərin sayının çox olması seçkilər haqqında obyektiv və daha dolğun məlumat əldə etməyə səbəb olur: “Bu gün dünyanın nüfuzlu seçki müşahidəçilərinin Azərbaycana gəlməsi əhəmiyyətlidir. 85 mindən çox müşahidəçinin qeydiyyatdan keçməsi ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərini beynəlxalq auditoriyanın marağını cəlb etməsi deməkdir. Beynəlxalq müşahidəçilərin sayının artması Azərbaycanın gücünün artmasından xəbər verir. Ümumilikdə, bu qədər şəxsin seçkilərdə iştiraka meylli olması beynəlxalq aləmin marağının təcəssümüdür. Hesab edirəm ki, gələcəkdə keçiriləcək parlament, bələdiyyə və digər seçkilərdə belə çoxlu sayda beynəlxalq müşahidəçi həmin seçkini izləmək üçün ölkəmizə gələcək”.
Günel CƏLİLOVA