NATO komissarı Bakı-İrəvan danışıqlarından Moskvanı sildi...
İbrahim Rüstəmli: “Rusiyasız burada hər hansı oyunun oynanılması təhlükəlidir”
NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Havyer Kolomina bəyan edib ki, Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib:
“İstərdik ki, tərəflər arasında sülh danışıqları mümkün qədər tez bərpa olunsun. Biz bilirik ki, müxtəlif treklər var, ikitərəfli, ABŞ vasitəçiliyi ilə, Aİ vasitəçiliyi ilə. Dayanıqlı sülhə aparan münasibətlərin normallaşdırılması prosesi bu gün əsas elementdir. Biz iki xalqı belə bir sənədə imza atmağa vadar edən hər şeyi dəstəkləyəcəyik. Biz ABŞ-ın vasitəçiliyini, Avropa İttifaqının vasitəçiliyini dəstəkləyirik”.
NATO rəsmisi yalnız Avroittifaq və ABŞ-ın vasitəçiliyuni dəstəkləyib. Rusiyanı heç sayan yoxdu. Bu halda sonluq nə qədər məhsuldar ola bilər?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, ənənəvi yanaşmadır: “Bilirsiniz ki, Qərb ümumiyyətlə Rusiyanın küncə sıxışdırılması haqda düşünür. Onun bütün əhatə dairəsini minimuma endirməyə çalışır. Bu mənada, qonşu Ermənistanda ABŞ hərbçilərinin keçirdiyi təlimləri, Avropa İttifaqının missiyası adı altında hərbçilərdən ibarət kontingentin ora cəlb edilməsini göstərə bilərik. Bu məqsədlərin arxasında heç də yaxşı nəticələr görünmür. Rusiya Ukrayna müharibəsi fonunda öz təsir imkanlarını bir qədər itirib. Rusiyanın ciddi problemləri var. Həmin ölkə bütün dünyaya qarşı döyüşür. Belə bir vəziyyətdə Rusiyanın küncə sıxışdırılması prosesi aktual görünür. Burada ciddi bir psixoloji təzyiq də var. Bunun arxasında Rusiyanı sındırmaq niyyəti dayanır. NATO rəsmisinin Rusiyanın adını çəkməməsi təbiidir. Cənubi Qafqazda Rusiya özünün təsir imkanlarını itirməyə çalışmayacaq. Onları qorumaqdan ötrü əlindən gələni edəcək. Bütün bunlar çox ciddi münaqişələrin yaranmasına səbəb ola bilər. Azərbaycan dövləti çox uzaqgörən soyasət yürüdərək, ən yaxın qonşusu olan Rusiya ilə əməkdaşlıq haqda sənəd imzalayıb. Bu dairələr başqa-başqa xalqların taleləri ilə oynamağı sevir. Azərbaycan öz problemini həll etdi. Bu onlara sərf etmir. Qərblə Rusiyanın arasında olan müharibənin bir elementi də özünü burada göstərir. Rusiyasız burada hər hansı oyunun oynanılması təhlükəlidir. Çünki Rusiya buradakı əhatə dairəsini itirməyəcək. Mən bunu məhsuldar təklif saymıram. NATO burada mövqeyini bərkitsə, Rusiya çaxnaşma yaradacaq. Azərbaycan bu məsələdə “qəzıl orta”nı tapa bilib. Bunların hamısı oyunlardı. Rusiyanı kənarda saxlamaqla nəyəsə nail olmaq mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ