“Azərbaycanın beynəlxalq standartlara uyğun seçki ənənəsi formalaşıb” - MDB-dən olan müşahidəçi
“Fevralın 7-də prezident seçkilərinin yüksək səviyyədə təşkil ediləcəyini, demokratik prinsiplərin qorunacağını və şəffaf səsvermənin olacağını düşünürəm. Seçkiöncəsi mühit, namizədlərin təşviqat kampaniyası üçün yaradılan bərabər şərait də bu gözləntini artırır”. Bunu secki-2024.az saytına açıqlamasında Stavropol diyarında “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev söyləyib.
F.Yarıyev müşahidələrinə əsasən deyib ki, Azərbaycanın beynəlxalq standartlara uyğun seçki ənənəsi formalaşıb:
“Bu ənənə özündə şəffaflıq, demokratik prinsiplərə əməl olunması, qanunvericiliyin tələblərinin dəqiqliklə yerinə yetirilməsi kimi prinsipləri əks etdirir. Azərbaycanın demokratik seçki ənənəsinin olması indi özünü daha aydın şəkildə büruzə verir. Müşahidə apardığımız bütün seçkilərdə bu mənzərənin şahidi olmuşam. Fevralın 7-dəki prezident seçkilərinin də bu prioritetlərə uyğun keçiriləcəyinə əminəm”.
Mərkəz rəhbəri onu da vurğulayıb ki, Rusiya Federasiyası ərazisində olan Azərbaycan vətəndaşlarının da səsvermə hüququnun təmin edilməsi üçün bütün lazımi işlər görülüb. “Seçki məntəqələri yaradılıb və soydaşlarımız bu haqda məlumatlandırılıb. O cümlədən soydaşlarımız arasında səsvermə prosesi ilə bağlı maarifləndirmə işləri aparılır. Bu prosesə diaspor təşkilatları da yaxından dəstək verir. Hesab edirəm ki, Stavropol diyarında yaşayan Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edəcək və öz namizədlərinə səs verəcəklər”.