ABŞ İrana qarşı "həftələrlə" davam edə biləcək böyük hücuma hazırlaşır - hədəflər də açıqlandı...
İranın dəstəklədiyi milis qüvvələri İordaniyadakı bazada 3 ABŞ əsgərini öldürməsindən sonra açıqlamalar verən rəsmilər, Bayden administrasiyasının hədəfləri hələ dəqiqləşdirmədiyini, lakin "həftələrlə davam edə biləcək" cavab hücumuna hazırlaşdığını bildirib.
Rəsmilər NBC News-a bildiriblər ki, ABŞ-ın İranın dəstəklədiyi milislərə qarşı cavab zərbələri “həftələrlə davam edə biləcək bir kampaniya” olacaq. Hədəflərin İran hüdudlarından kənarda yerləşən İran hədəflərini də əhatə edəcəyi və kampaniyanın həm hücumları, həm də kiber əməliyyatları əhatə edəcəyi bildirilir.
“Tehran Times” qəzeti isə Suriya və İraqda İran əsgərlərinə hücumun və ya Fars körfəzindəki İran dəniz qüvvələrini vurmağın ABŞ-ın cavab variantları arasında olduğunu iddia edib.
Qeyd edək ki, ABŞ prezidenti Bayden üç amerikalı əsgərin ölümü ilə nəticələnən İordaniyadakı bazaya pilotsuz uçan aparatlarının hücumuna qarşı necə cavab tədbirləri görəcəklərini qərara aldıqlarını elan etdikdən sonra, Tehran öz ərazisinə və maraqlarına qarşı istənilən hücuma qəti şəkildə cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Tahir TAĞIYEV