ABŞ Fələstin dövlətini tanımağa hazırlaşır - Ağ Ev də təsdiqlədi...
ABŞ mətbuatı İsrailin Qəzza zolağına hücumları 117 gündür davam edən hücumu ilə bağlı yeni bir iddia ortaya atıb. İddialara görə, ABŞ-da Fələstin dövlətinin tanınması ilə bağlı müzakirələr başlayıb.
Adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən bildirlir ki, dövlət katibi Antoni Blinken Dövlət Departamentindən, Qəzza zolağında qarşıdurmalar dayanandan sonra Fələstin dövlətinin tanınma ehtimalı ilə bağlı variantları nəzərdən keçirməsini istəyib.
Xəbərdə Blinkenin silahsızlaşdırılmış Fələstin dövlətinin dünyanın digər modelləri ilə müqayisədə necə görünəcəyini də nəzərdən keçirmək istədiyi bildirilir.
Qeyd edilir ki, ABŞ prezidenti Bayden administrasiyasının bəzi üzvləri İsraillə yanaşı müstəqil Fələstin dövlətinin tanınmasının iki tərəf arasında münaqişənin həllində ilk addım ola biləcəyinə inanır.
Bundan başqa, ABŞ-ın Fələstinin Birləşmiş Millətlər Təşkilatının (BMT) tamhüquqlu üzvü olması üçün də lazımi araşdırmalar apardığı iddia edilir.
İki Ağ Ev rəsmisi də, Bayden administrasiyasının Fələstin dövlətini tanımaq planı üzərində işlədiyini təsdiqləyib. Rəsmilər planın hələ layihə mərhələsində olduğunu və tezliklə ictimaiyyətə açıqlanacağını bildiriblər.
Planın Fələstin sövlətinin sərhədləri, paytaxtı və müstəqilliyini əhatə edəcəyi təxmin edilir. Lakin İsrailin bu planı qəbul edib-etməyəcəyi hələlik bəlli deyil. Lakin Qəzza zolağında qarşıdurmaların sona çatmasından sonra ABŞ-ın Fələstin dövlətini tanıması bölgədəki siyasi tarazlıqları dəyişə biləcək hadisə kimi dəyərləndirilir.
Tahir TAĞIYEV