Türkiyənin nüfuzlu nəşri Azərbaycandakı seçkilərin geosiyasi əhəmiyyətindən yazdı...
Türkiyənin nüfuzlu “Yeni Şafak” nəşrində fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin geosiyasi əhəmiyyəti barədə məqalə dərc edilib. Secki-2024.az saytı xəbər verir ki, məqalədə Azərbaycanın Ermənistan üzərindəki qələbəsi, daha sonra Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyini təmin etməsi fonunda seçkilərin qiymətləndirilməsi aparılıb.
Məqalədə yazılıb ki, Azərbaycanın əhəmiyyətli geosiyasi mövqeyi və təbii sərvətləri onu regionun parlayan ulduzuna çevirib. Bildirilib ki, Azərbaycan xüsusilə Qarabağdakı qələbədən sonra iqtisadi və hərbi qüdrəti ilə təkcə Cənubi Qafqazda deyil, beynəlxalq aləmdə də özünə böyük hörmət qazanıb.
Bununla yanaşı, nəşrdə qeyd olunur ki, Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə nəticələnməsindən narahat olanlar da boş oturmurlar.
“Azərbaycan ona qarşı yürüdülən ikili standartlara cavab olaraq AŞPA ilə əməkdaşlığı və qurumun iclaslarındakı iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Qarabağdakı qələbədən tutmuş, AŞPA ilə bağlı qəbul edilən qərara qədər olan prosesə Azərbaycanın xarici siyasəti kontekstində nəzərə saldıqda, ölkənin niyə növbədənkənar seçkilərə getdiyini daha yaxşı anlamaq olar”, - deyə məqalədə qeyd olunub.