Bakı-Tehran münasibətlərinə burun soxan regiondankənar qüvvələr müzakirəyə çıxarıldı...
Elşad Həsənov: “Xüsusi xidmət orqanları səviyyəsində belə təkliflər olub, amma...”
“Azərbaycanı istəməyən bəzi xaruci dövlətlər, dairələr istəyirlər ölkəmizin İranla münasibətləri gərgin olsun”
“Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq”. Bunu Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Daşkənddə görüşü zamanı deyib.
Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlət başçısı bildirib: “Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”.
Maraqlıdır, söhbət hansı regiondan kənar qüvvələrdən gedir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənov buna bir neçə aspektdən yanaşdı: “Həqiqətən də İran-Azərbaycan münasibətlərini regiondankənar qüvvələr gərginləşdirmək istəyib. Məsələn, 1992-ci ildə biz Bakı şəhərində İran xüsusi xidmət orqanlarının ölkəmizə qarşı təxribat əməlinin qarşısını aldıq. Təxribatı törətmək istəyənlər saxlanıldı və ölkədən xaric edildi. Bu barədə İran rəhbərliyinə məlumat verdik. Bldirdik ki, biz İranla dostluq münasibətlərində maraqlı olduğumuz üçün belə hallar yolverilməzdir. Üstəlik, İrana qarşı olan bəzi dövlətlər bizim ərazimizdən istifadə edib bu ölkəyə qarşı təxribat-pozuculuq hərəkətləri aparmaq üçün dəstək istəyib. Xüsusi xidmət orqanları səviyyəsində belə təkliflər olub, amma Azərbaycan birmənalı olaraq buna yox deyib. O vaxt milli təhlükəsizlik naziri Namiq Abbasov idi. Ulu öndər Heydər Əliyevə belə xəbər çatanda o, qətiyyətlə buna qarşı çıxdı. Bildirdi ki, biz heç kimə bizim ərazimizdən İrana qarşı təxribat aparılmasına razılıq verməyəcəyik. Azərbaycanın mövqeyi hər zaman belə olub. Ancaq təəssüf ki, İranın özündə müəyyən qüvvələr Azərbaycanla vəziyyəti gərginləşdirmək istəyirlər. Biz İranın daxili işinə qarışmırıq. O cümlədən, üçüncü dövlətlərin ərazimizdən İrana qarşı istifadə etmələrinə imkan vermirik. Ona görə də İran bunları nəzərə almalıdır. Azərbaycanı istəməyən bəzi xaruci dövlətlər, dairələr istəyirlər ölkəmizin İranla münasibətləri gərgin olsun. O üzdən, biz ayıq-sayıq olmalıyıq və belə hallara imkan verməməliyik”.
Vidadi ORDAHALLI