Rusiyanın Fövqəladə hallar nazirinin səfərinin pərdəarxası - 3 illik plan nədən zəruridir?..
Əli Mustafa: “Çox güman ki, bu, sıradan bir görüş deyil və yəqin bunun bilavasitə siyasi yükü, mahiyyəti var”
Baş nazir Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.
Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb. İki ölkə arasında bütün sahələrdə, o cümlədən, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb. Tərəflər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.
Maraqlıdır, Rusiya naziri əslində niyə Azərbaycana gəlib? Xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının müzakirəsi indi niyə vacib olub? Oncür böyük ranqlı nazirin Azərbaycana indi səfəri niyə belə zəruri olub? Seçki ərəfəsində niyə gəlib və məqsəd nədən ibarətdir?
“Baş nazirlə Aleksandr Kurenkov görüşürsə, deməli burada daha ciddi siyasi məsələlərdən söhbət gedə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa bununla bağlı bir sıra məqamlara toxundu: “Çox güman ki, bu, sıradan bir görüş deyil və yəqin bunun bilavasitə siyasi yükü, mahiyyəti var. Belədə fövqəlada hallarla bağlı məsələ Kəmaləddin Heydərovla müzakirə olunmalıdır. Baş nazirlə Aleksandr Kurenkov görüşürsə, deməli burada daha ciddi siyasi məsələlərdən söhbət gedə bilər. Bəlkə də dövlətlərarası hansısa məsələlər müzakirə olunub. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi kifayət qədər ciddi problemlər yaradır. Üstəlik, bu müharibədə konvensional olmayan silahlardan istifadə risqləri də var. Fikrimcə, bu kimi məsələlər də müzakirə oluna bilər. Çünki belə silahların tətbiqi region dövlətləri üçün də problemlər yarada bilər. Belə baxanda, fövqəlada təbii fəlakətlərlə bağlı Azərbaycanın Rusiya ilə elə bir ciddi əməkdaşlığına ehtiyac yoxdur. Hər halda bununla bağlı informasiya az olduğuna görə geniş mülahizələrlə çıxış etmək çətindir. O baxımdan yalnız ehtimallar irəli sürmək olar. Bütün hallarda, bu o deməkdir ki, Rusiya Azərbaycandan qopmaq istəmir. Hansısa məsələlərdə daha geniş əlaqələrin qurulmasını istəyir”.
Vidadi ORDAHALLI