Avropa həm Azərbaycanı qərəzlə vurur, həm də bizim layihəmizə 10 milyard qoyur - Ziddiyyət...
Qulamhüseyn Əlibəyli: “Avroittifaq istəyir ki, Azərbaycan kimi dövlətlər onların təsiri altında siyasət yeritsin”
Brüsseldə keçirilən Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən multimodal Orta Dəhlizin (TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafına 10 milyard avroluq investisiya qoyulması qərara alınıb.
Toplantıda bir sıra mühüm öhdəliklər də qəbul edilib. Belə ki, Avropa İnvestisiya Bankı (EIB) Qazaxıstan, Qırğızıstan və Özbəkistanla ayrı-ayrılıqda, ümumilikdə, 1,47 milyard avro dəyərində, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Qazaxıstanla ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalayıb.
Məlum olduğu kimi, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ildə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Yəni Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Maraqlı olan odur ki, bir yandan Azərbaycana Avropa təşkilatları ilə təzyiq göstərirlər, o biri tərəfdən də ölkəmizdən keçəcək tranzit layihəsinə milyardlarla vəsait ayrılır. O baxımdan belə ziddiyətli siyasəti necə başa düşmək olar?
“Orta Dəhlizin maliyyələşdirilməsinə vəsaitin ayrılması qurumun öz iqtisadi maraqlarından irəli gəlir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli bununla bağlı bir sıra məqamlara toxundu: “Mən bu məsələdə o qədər də böyük və ciddi ziddiyət görmürəm. O mənada ki, Avropa İttifaqının, digər bəzi böyük dövlətlərin siyasəti yeni dövlətlərin sıxışdırılmasına yönəlib. Məsələ ondadır ki, Avroittifaq müstəqil siyasət yeritmək istəyən dövlət görmək istəmir. İstəyirlər ki, Azərbaycan kimi dövlətlər onların təsiri altında siyasət yeritsinlər. Azərbaycan ərazilərini tam azad edəndən və seçki prosesinə başlayandan sonra ölkəmizə təzyiqlər daha da artıb. Çünki Azərbaycan müstəqil siyasət yürüdür. O mənada ki, Qərbin dediyi ilə oturub-durmur. Təzyiqlərə duruş gətirir və müstəqil siyasət yeridir. Bununla da Avropa İttifaqının regiona təzyiq göstərmək imkanı xeyli aşağı düşür. Avroittifaqın Gürcüstan və Ermənistana təzyiq göstərmək imkanı var, amma Azərbaycana qarşı bunu edə bilmirlər. O ki qaldı Orta Dəhlizin maliyyələşdirilməsinə, bu, Avropa İttifaqının öz iqtisadi maraqlarından irəli gəlir. Ancaq bu bir həqiqətdir ki, Orta Dəhliz Azərbaycanın təşəbbüsü ilə yaradılan layihədir. Bununla Azərbaycan enerji xəttlərinin mərkəzinə çevrilir. Avroittifaq Rusiyadan olan asılılığı tam aradan qaldırmaq üçün Mərkəzi Asiyanın resurslarını əldə etməyə çalışır. Bu səbəbdən vəsait ayırırlar. Yoxsa onların elə marağında deyil ki, Mərkəzi Asiya ölkələri Avropa kapitalı hesabına sürətlə inkişaf etsin. Avropa İttifaqının siyasəti həm də odur ki, bu dövlətlər müstəqil siyasət yeritməsinlər”.
Vidadi ORDAHALLI