Videomüşahidə ilə əlillik təyinatları necə aparılacaq?..
Davud Rəhimli: “Əlillik təyinatının videomüşahidə ilə aparılması bu sahəyə müsbət təsir edəcək”
Əhalinin xüsusi imtiyazlı təbəqəsi sayılan əlillərin sosial müdafiəsi istiqamətində mütəmadi olaraq müvafiq addımların atılması, həmin insanların qayğı ilə əhatə olunması dövlətimizin sosialyönümlü fəaliyyətinin əsas istiqamətlərindəndir.
Azərbaycan Respublikasının qanunvericiliyi bu mövzuda birmənalı şəkildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini və sosial ədalət prinsipini təmin edir. Son günlər həm sosial şəbəkələrdə, həm də digər müəyyən sferalarda müzakirə predmetinə çevrilmiş əsassız əlillik təyinatları hallarının aşkarlanması, yeni təyinat və qiymətləndirmələrlə bağlı müəyyən ləngimələr bu sahədə görülmüş və ya görülməli olan işləri gündəmə gətirir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib ki, əlilliklə bağlı müraciətlərin 43 faizi doğru çıxır, öz təsdiqini tapir.
Qeyd edib ki, əlillik üçün saxta rəylər hələ də mövcuddur. Bu kimi halların qarşısının alınması üçün əlillik təyinatı videomüşahidə ilə aparılacaq.
Maraqlıdır, əlillik təyinatı videomüşahidə ilə hansı formada aparılacaq və bunun nə kimi müsbət və mənfi tərəfləri olacaq?
“…şəffaflığı daha da artıracaq, gələcəkdə kimə nəyi sübüt etmək üçün müayinənin bu formada aparılması əhəmiyyətlidir”
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əlillik təyinatının videomüşahidə ilə aparılması bu sahəyə müsbət təsir edəcək: “Əlillik təyinatı zamanı bu işə aidiyyatı şəxslərlə yanaşı, Vətəndaş Cəmiyyətinin təmsilçiləri də cəlb olunur. Müayinənin video müşahidə formasında aparılması əhəmiyyətlidir. Bəzən olur ki, müayinə zamanı həkimlərə qeyri-etik, xoşagəlməyən münasibət göstərilir. Hətta bir neçə müayinəyə cəlb olunan şəxsin həkimə zor tətbiq etdiyinin də şahidi olmuşuq. Bu kimi hallarla dəfələrlə üzləşmişik. Əlillik təyinatının video müşahidə ilə aparılması şəffaflığı daha da artıracaq. Gələcəkdə kimə nəyi sübüt etmək üçün müayinənin bu formada aparılması əhəmiyyətlidir. Bu işlərin hansı formada aparılması hər kəsə bəlli olacaq. Neqativ halların qarşısı alınacaq”.
Həmsöhbətimiz hesab edir ki, əlillik təyinatının video müşahidə ilə aparılmasının mənfi təsiri olmayacaq. Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın təminatı ilə bərabər, əlillik təyinatlarında qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatına şərait yaradanlarla bağlı ciddi tədbirlər görülür.
Ekspert onu da əlavə etdi ki, 2022-ci ildən Azərbaycanda əlilliyin təyinatı istiqamətində fundamental islahat hətaya keçirilir. Bu islahat imkan verir ki, əlillik təyinatlarında daha həssas, obyektiv və ünvanlı yanaşma tətbiq edilsin.
Günel CƏLİLOVA