Ermənistanın himn və gerbi nə məqsədlə dəyişdirilir...
Azər Həsrət: “Nəinki Ermənistanın gerbi, himni, o cümlədən o ölkənin konstitusiyası da dəyişdirilməlidir”
Müstəqil dövləti xarakterizə edən bir sıra mühüm amillər mövcudur. Dövlət bayrağı, dövlət himni və dövlət gerbi bu rəmzlərin ən mühümləridir. Bu rəmzlər müstəqillik nişanələri olmaqla yanaşı, həmin dövlətin tarixini, irsini, qədimliyini və ənənəsini, hədəflərini, eyni zamanda, keçdiyi yolun elementlərini özündə tərənnüm edir.
Lakin bu fikirlər Ermənistanın ali rəmzlərinə şamil edilə bilmir. Çünki zamanla Ermənistan himn və gerbinin dəyişdirilməsi müzakirə olunub. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan “Telegram” kanalında Ermənistanın himni və gerbinin dəyişdirilməsinin vacibliyini yazıb. Simonyan ölkəsinin hazırkı himnini “yadmənşəli” adlandırıb, gerbdəki şir təsvirinin isə smaylikə bənzədiyini bildirib: “Himn bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəli olmalıdır. Aydındır ki, xarici mənşəli mövcud himnin dəyişdirilməsi zərurətdir”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkənin dövlət simvollarının dəyişdirilməsi zərurətindən danışıb. O bildirib ki, Ermənistan gerbi aktual deyil.
Maraqlıdır, Ermənistanın himn və gerbi niyə dəyişdirilir?
“Ermənistan gerbinin dəyişdirilməsinə ehtiyac var, çünki gerbdə qardaş ölkə Türkiyənin ərazisinə iddia var”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nəinki Ermənistanın gerbi, himni, o cümlədən o ölkənin konstitusiyası da dəyişdirilməlidir. Həmin konstitusiyaya görə Azərbaycan torpaqlarına açıq iddia var: “Təbii ki, belə şəraitdə Ermənistan dövləti sülhü Azərbaycanla bağlaya bilməz. Onu da deyim ki, Ermənistan gerbinin dəyişdirilməsinə ehtiyac var. Çünki gerbdə qardaş ölkə Türkiyənin ərazisinə iddia var. Bir dövlət nə qədər anormal olmalıdır ki, öz rəmzlərində, ali qanunlarında qonşu dövlətlərin ərazisinə açıq şəkildə iddia etsin? Bu baxımdan hesab edirəm ki, səsləndirilən fikir icra olunmalıdır. Düzdür, qan istəyən kütlə yenə hay-küy salmaqda davam edir. Ancaq Ermənistan rəhbərliyinin bu cür açıqlama ilə çıxış etməsi alqışlanmalıdır. Ümid edirəm ki, qısa müddət ərzində Ermənistan dövlətinin ali rəmzlərinin, qanunlarının dəyişdirilməsinin şahidi olacağıq”.
Günel CƏLİLOVA