Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olanı alıb - Səfirdən Paşinyana cavab...
Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olanı alıb.
Trend-in məlumata görə, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva VI Paris Sülh Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın forum çərçivəsində keçirilən panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız ittihamlara cavab olaraq deyib.
"Fransada Azərbaycanın Ermənistana qarşı qondarma "təhlükə" ilə bağlı qorxuları tamamilə əsassızdır. Azərbaycan birbaşa özünə məxsus olanı alıb. Üstəlik, Ermənistanla sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub", - o deyib.
Qranadada Azərbaycanın iştirakı olmadan keçirilən görüşə toxunan Abdullayeva bildirib ki, görüşdən cəmi bir gün əvvəl danışıqlar prosesinə məhz Fransa müdaxilə edib, Ermənistana hərbi texnika verməyə hazır olduğunu bəyan edib.
O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində özünü vasitəçi kimi göstərən bir ölkə üçün tərəflərdən birinə açıq hərbi dəstək qəbuledilməzdir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın Paris Forumunda çıxışına cavab olaraq verdiyi bəyanatda Ermənistanın müxtəlif beynəlxalq platformalardan istifadə edərək Azərbaycana qarşı təcavüzkar və böhtan xarakterli ritorikasını davam etdirdiyini qeyd edib.
“Biz Ermənistanı sülh perspektivlərinə xələl gətirən bəyanatlardan əl çəkməyə və Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanına çevirmək üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq”, - nazirliyin bəyanatında deyilir.