Şəhidlərin xatirəsi yad edildi... - FOTO
İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində sinəsini doğma Azərbaycana sipər edib, bizlərdən ötrü canını qurban verən Vətən övladları hər cür ehtirama, sevgi və məhəbbətə layiqdirlər. Onların əziz xatirəsini anmağa həmişə borcluyuq. Qərinələr keçəcək, gələn nəsillər üçün də bu, belə olacaq. Astara Pedaqoji Kollecində isə vətənpərvərliyin ən ali məqamına yetişən şəhidləri ehtiramla yad etmək ənənə şəklini alıb.
Kollecin direktoru, şəhid atası, professor Kamran Kazımov bu günlər kollektivin bir qrup üzvü ilə Astara şəhərinin mərkəzində Şəhidlərin xatirəsinə salınmış abidə kompleksinə baş çəkib, önünə qərənfillər düzüblər. Bundan əlavə, kollecin işçisi Səbinə Rəhimovanın həyat yoldaşı, 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalan Nurlan Rəhimovun ailəsində olub, həmçinin kollecin tyutoru, şəhid qızı Azərim Əsədullayevanın atası, birinci Qarabağ müharibəsinin şəhidi Azər Əsədullayevin ailəsini də ziyarət edib və hər iki şəhidin məzarı önünə güllər qoyublar.
Kamran müəllim çıxışı zaman bildirib ki, ağrı-acı nə qədər dərin olsa da, biz şəhidlərin hər birini qürur hissi ilə anırıq. O da var ki, şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz. Vətən torpağını qanları hesabına suvararaq müqəddəs edən şəhidlərin əziz xatirələri daim millətin qəlbində yaşayacaq. Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı tarix yazan qəhrəmanlardan öyrənməyə dəyər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü