Gürcülərin erməniyə fransız silahı ötürməsinə dözdük, Ukraynaya yardım etdik - bu da haqqımız...
Bünyamin Qəmbərli: “Azərbaycanın mövqeyini müdafiə etsələr, Avropa onlara müəyyən güzəştləri, yardımları etməyəcək”
AŞPA-da Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var. Heç qonşumuz Gürcüstan və daim yardım etdiyimiz Ukrayna belə bizim leimizə olan fəaliyyət ortaya qoya bilməyiblər.
Avropa qurumunda Azərbaycan əleyhinə dost saydığımız ölkələrin də bizə qarşı olan fəaliyyəti diqqət çəkib.
AŞPA ən sərt tənqidə layiqdir, Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ədalətsizdir. Bu öz yerində.
Maraqlıdır ki, bu dövlətlərin nümayəndələri qaz və neftimizə ehtiyac olanda Azərbaycanı “etibarlı tərəfdaş və dost” adlandırır, səsverməyə gələndə bizə arxa çevirirlər.
Göründüyü kimi, AŞPA-da Gürcüstan, Ukrayna və Moldova da əleyhimizə çıxdı. O Gürcüstan ki, Azərbaycan ona böyük fayda verdi. O isə Ermənistana öz ərazisindən Fransa silahlarını ötürdü. İndi də bu addımı atır. Ukraynaya nə qədər humanitar yardım etdik. Bu da sonu.
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, ingilislərin məşhur bir sözü var, ona diqqət edək: “İngiltərənin dostu-düşməni yoxdur, daimi maraqları var. Biz dövlətlərə də fərdlər kimi yanaşırıq. Siyasətdə yaxşılıq kimi meyarlar yoxdur. Əsas meyarlar bu dövlətlərin marağıdır. Bu birinci tərəfdir. İkinci tərəf isə, bu məsələlərdə Azərbaycana münasibət Rusiya ilə yaxınlaşmasına görə olmasıdır. Azərbaycanda insan haqları, ədalət, siyasi məhbus kimi hallar yeni məsələ deyil. Azərbaycan AŞPA - ya daxil olan gündən bu məsələlər gündəmdədir. Bu gün Azərbaycana qarşı münasibət Azərbaycanın Rusiya ilə yaxınlaşması ilə bağlıdır. Gürcüstan Rusiyanın Qafqazdan çıxmasını, Moldova isə Rusiyanın dağılmasını, məhv olmasını istəyir. Eyni zamanda Ukrayna da Rusiyanın məhv olması üçün mübarizə aparır. Belə bir vəziyyətdə bizim hansısa ölkədən inciməyimiz doğru deyil. Onlar Azərbaycanın mövqeyini müdafiə etsələr, Avropa onlara müəyyən güzəştləri, yardımları etməyəcək. Bu gün Azərbaycan balanslaşdırılmış siyasət yürütmədiyi üçün bunlar baş verir. Digər tərəfdən də bizə hamı yardım edirdi ki, biz Rusiyadan qurtulaq. Rusiya bütün dünya üçün təhlükə, başımıza gələn bəlaların səbəbkarıdır. Rusiya dünyada sabitliyə imkan verməyən əsas ölkədir. Azərbaycanı Rusiyadan kənarda hamı müdafiə edər”.
İstənilən halda, bizim yaxşılıq etdiyimiz ölkələr bu məsələyə iki dövlət arasındakı münasibətlər kontekstindən yanaşıb, bizimlə bağlı obyektiv mövqe tutmağa borcludurlar.
Məhəmmədəli QƏRİBLİ