"Oba", "Araz", digər supermarketlər - yumurtanı "dənə-dənə satanlar" kimdir...
Son zamanlar Azərbaycanda yumurtanın qiymətində artım müşahidə olunur. Qiymət artımı isə bəzi dükan və marketlərdə məhsulun limitlə satışına səbəb olub.
Sosial şəbəkədə yayılan məlumata əsasən, artıq Zaqatalada “Oba” marketlərdə alıcılara yalnız 1 "kletka" yumurta satılır. 2-ci "kletka"nı almaq üçün növbəti gün, yaxud 2 nəfər getməlisən. İddialara görə, bu qayda digər fərdi dükan və marketlərdə də yaşanır.
Ekspertlər baş vermiş hadisəni istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir.
Maraqlıdır, belə bir qayda marketlər tərəfindən niyə tətbiq olunur?
"Oba" Marketlər Şəbəkəsi: “Bu, marketin satış siyasətidir və əsaslı səbəbi var”
"Oba" Marketlər Şəbəkəsindən bildirildi ki, bu, marketin satış siyasətidir və əsaslı səbəbi var: "Mağazalarımızda yumurta uyğun qiymətə satılır. Regionlarda, məhəlli marketlərdə bu məhsulun alınaraq daha yuxarı qiymətlərə satılmasının, bir növ topdansatışın qarşısını almaq üçün şirkətimizin belə bir qadağası var. Beləliklə, məhsulun süni qiymət artımına məruz qalmasının önünə keçilir".
Akif Nəsirli: “Təminatla bağlı müvəqqəti problem yaşandığı üçün sahibkarlar satış mərkəzlərinə məhsulun limitlə satılması ilə bağlı göstəriş verib”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu qayda istehsalçılar tərəfindən tətbiq olunur. Bu qayda yumurtanın qıt olması ilə bağlı tətbiq edilib: “Bazar iqtisadiyyatında belə bir qayda var ki, sahibkar hər zaman çox satmaq, çox qazanmaq istəyir. Bu, idarəedilən iqtisadiyyata xasdır. Sahibkar çox satmaq istəyir ki, daha çox qazanc əldə etsin. Yumurtanın limitlə satışı həmin məhsulun qıt olması ilə əlaqəlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sahibkarın mənəvi öhdəliyi var ki, daxili bazarı yumurta və ya digər məhsulla təmin etsin: “Təminatla bağlı müvəqqəti problem yaşandığı üçün sahibkarlar satış mərkəzlərinə məhsulun limitlə satılması ilə bağlı göstəriş verib. Hesab edirəm ki, bu müvəqqətidir”.
Günel CƏLİLOVA