İrəvanda abidənin təhqir olunması Rusiyanı hərəkətə keçirdi - cinayət işi açıldı...
Rusiya İstintaq Komitəsi İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işi açacaq.
Trend bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.
"İstintaq Komitəsinin sədri Bastrıkin A.İ. idarənin mərkəzi aparatına fakt üzrə cinayət işi açmağı və Rusiya Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyət göstərərək hadisənin bütün təfərrüatını müəyyən etməyi həvalə edib", - Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə növbəti erməni vandallığını əks etdirən kadrlar əks olunub. Bu dəfə ermənilər Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir ediblər.
Birinci kadrda erməni vandalın əklilin arasından üzərində Rusiya bayrağı əks olunan lenti çıxarıb yerə atır və tapdalayır.
İkinci videoda isə o daha da irəli gedərək əklilləri yerə yıxır və mühasirədə olan Leninqrad uşaqlarını "faşistlər" adlandırır, "bu hadisəni təsdiq edən sənədin olmadığını" iddia edir.