Repressiya qurbanı olmuş tədqiqatçının 1500 səhifəlik əlyazması aşkarlandı
Repressiya qurbanı olmuş tədqiqatçı Xalid Səid Xocayevin XX əsrin 30-cu illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsəri çapa hazırlanır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında bildirilib.
AMEA prezidenti, akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin Türk dünyasının dahi şəxsiyyəti olmaqla yanaşı, bütün dünyada tanınan, həmişəyaşar alimlərdən olduğunu vurğulayıb.
AMEA prezidenti qeyd edib ki, Mahmud Kaşğarinin müəllifi olduğu, türk dünyasının ilk ensiklopedik əsəri olan “Divani lüğət-it-türk” türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Sovet hakimiyyəti illərində bu əsərin ilk dəfə özbək dilinə tərcümə olunduğunu söyləyən AMEA rəhbəri “Divani lüğət-it-türk”ün dilimizə özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini, lakin 1937-ci ildə Xalid Səid Xocayevin günahsız ittiham olunaraq həbs edilməsindən sonra divanın 1500 səhifəlik əlyazmasının indiyədək aşkara çıxarılmadığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli uzun axtarışlardan sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalid Səid Xocayevin tərcüməsinin ilk dəfə olaraq aşkar edildiyini və üzərində müvafiq transliterasiya və mətnşünaslıq işi aparıldıqdan sonra kitabın nəşrə hazırlandığını bildirib.
ZÜMRÜD