İmran Xan 10 il həbs cəzasına məhkum edildi!
Pakistan məhkəməsi dövlət sirri haqqında qanunu pozmaqda ittiham olunan sabiq baş nazir, müxalif Ədalət Uğrunda Hərəkat partiyasının lideri İmran Xanı və partiya sədrinin müavini, sabiq xarici işlər naziri Şah Mahmud Qureyşini 10 il həbs cəzasına məhkum edib.
Bu barədə Geo TV məlumat yayıb. Telekanalın məlumatına görə, hökm Ravalpindidəki Adiala həbsxanasının xüsusi məhkəməsinin hakimi tərəfindən Xan və Qureyşinin iştirakı ilə elan olunub. İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Mətləb Salahov