Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Moskvada həbs edildi
Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Karen Vanetsyan Moskvada həbs olunub. Rusiyanın ən böyük yağ hasilatı şirkətinin (“Ideal” və “Oleyna” brendləri) sahibi Karen Vanetsyan Ermənistanda çirkli pulların yuyulmasında şübhəli bilinir.
Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə bağlı fırıldaqçılıqda ittiham olunan, Ermənistan və İsveçrə vətəndaşlığı olan 55 yaşlı iş adamı yanvarın 28-i axşam saatlarında saxlanılıb.
Ermənistan prokurorluğu hələ 2018-ci ildə ona qarşı “Vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulması” maddəsi ilə iş açıb, ötən il isə o, axtarışa verilib.
İstintaqın məlumatına görə, Vanetsyan faktiki olaraq Ermənistanın Vatikandakı səfirinə məxsus olan Zəngəzur Mis-Molibden Kombinatının 12,5%-lik payını 15,5 milyon dollara alıb. İddialara görə, sənaye maqnatı bütün qanunsuz əməliyyatlar nəticəsində 35 milyon dollar zənginləşib. O da qeyd edilir ki, əslində səhmlər Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub. Kombinatın səhmləri ilə bağlı fırıldaqçılıq ittihamı ilə Sarkisyanın kürəkəni Minasyana da cinayət işi açılıb.
Bir il əvvəl Vanetsyan, “Ideal”, “Oleyna” və “Maslenitsa” yağları istehsal edən ABŞ kənd təsərrüfatı treyderi “Bunge”ın də Rusiya biznesini alıb. Sahibkarın sözlərinə görə, o, aktivləri real dəyərinin yarısı qiymətinə alıb. Onun şirkətinin alışdan sonra nizamnamə kapitalı 1,3 milyard rubl (təxminən 24,5 milyon - red.) təşkil edib.
TAHİR