Azərbaycan GUAM üçlüyü ölkələrindən haqq etmədiyi xəyanət zərbəsi aldı...
Ramil Hüseynov: “Həmin ölkələrin sərgilədiyi mövqe utancvericidir”
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi böyük ədalətsizlik idi. Səsvermə zamanı təəccüb doğuran məqam isə bir sıra ölkələrin nümayəndə heyətlərinin davranışıdır.
Belə ki, Çexiya, Estoniya, Monteneqro, Slovakiya, Serbiya, Şimali Makedoniya, Polşa, Hollandiya, Macarıstan, Moldova, Lixtenşteyn, Latviya, Kipr, Yunanıstan, Bolqarıstan, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri səsvermədə iştirak etməyib.
Xüsusən də Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin AŞPA-da keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqe ölkələrimiz və xalqlarımız arasında formalaşmış münasibətlərin ruhuna ziddir. Çünki hər üç ölkə separatizmdən əziyyət çəkir və ərazilərinə tam nəzarət edə bilmirlər. Bütün bunları nəzərə almadan AŞPA-da sərgilənən mövqe Azərbaycana arxadan vurulan zərbə mənası kəsb edir. Hər üç ölkə Azərbaycanla birlikdə GUAM-da təmsil olunur. Lakin həmin ölkələrin belə davranışı Azərbaycanı bir daha düşünməyə vadar edir. Halbuki, Azərbaycan hər zaman bu ölkələrə yardım edib. Azərbaycanın enerji xətləri, tranzit yolları Gürcüstandan keçir. Azərbaycan sərfəli qiymətə Gürcüstana qaz ixrac edir. Lakin Gürcüstan Fransa silahlarını Ermənistana ötürdü və Bakı buna göz yumdu. Düşündük ki, qonşumuz bundan nəticə çıxaracaq, amma bizə arxadan zərbə vurdular. Bütün bu xəyanətdən sonra Azərbaycan GUAM çərçivəsində həmin dövlətlər qarşısında öhdəlik daşımır və o təşkilatdan çıxa bilər.
“Belə xəyanətdan sonra Azərbaycanın GUAM-da qalmasına ehtiyac qalmır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, həmin ölkələrin sərgilədiyi mövqe utancvericidir: “Əvvəla, Azərbaycan Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, separatizmə son qoyaraq ərazi bütövlüyünü təmin edib. Məgər Gürcüstsn, Moldova və Ukrayna bilmir ki, AŞPA-nın bədnam qərarı bununla bağlıdır? Çox yaxşı bilirlər. Məsələ ondadır ki, AŞPA və onun arxasında duran dövlətlər Azərbaycanın Qarabağda öz suverenliyini təmin etməsini həzm edə bilmirlər. Ona görə belə qərar qəbul olunub. 2008-ci ilin avqustunda 5 günlük müharibə zamanı Gürcüstanın arxasında duran, bu dövləti elektrik enerjisi və digər zəruri vasitələrlə təmin edən ölkə Azərbaycan olub. Ukraynada müharibə başlayandan bəri Azərbaycan bu ölkəyə humanitar yardım edir. Bununla bağlı dövlət büdcəsindən vəsait ayırır. Üstəlik, hər üç ölkə Azərbaycanla birlikdə GUAM-da təmsil olunur. Ən azından bu amil nəzərə alınmalı idi. Çox təəssüflər olsun ki, bunların heç biri nəzərə alınmadı. Belə xəyanətdan sonra Azərbaycanın GUAM-da qalmasına ehtiyac qalmır. Zatən son illər bu təşkilatın fəaliyyəti yox səviyyəsindədir”.
Vidadi ORDAHALLI