Şarl Mişel “yarı yoldan” qayıtdı - Bakı-İrəvan sülh danışıqlarının bərpası gözlənilir...
Elşad Həsənov: “Mişelin 7 fevral seçkilərindən sonra yenidən tərəflər arasında vasitəçilik edəcəyi güman edilir”
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel gözlənilmədən bəyanat verərək Avropa Parlamentinə seçkilərdə iştirak etməyəcəyini açıqalayıb.
“Mənim seçkilərə qatılmaq barədə qərarım mediada ciddi spekulyasiyalara səbəb oldu. Bu mənim üçün proqnozlaşdırılan deyildi”, - Mişel “Facebok”da yazıb. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində qalmaq qərarı onun vaxtından əvvəl istefa verməsi perspektivinə kəskin reaksiya ilə bağlıdır. Mişel vurğulayıb ki, onun gedişindən Avropa Şurasının parçalanması üçün istifadə edilməsinə icazə vermək istəmir. Şarl Mişel 2019-cu ildən Aİ Şurasının prezidenti vəzifəsini tutur, onun səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır.
Məlum olduğu kimi, Mişel Azərbaycan-Ermənistan danışıqlarında tərəfsiz vasitəçi olub. Onun öz vəzifəsində qalması halında Mişelin vasitəçiliyi ilə növbəti danışıqların keçirilməsi baş verə bilərmi?
“O şərtlə ki, Fransa prosesə ciddi müdaxilə etməsin...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənov buna bir neçə aspektdən yanaşdı: “Bəli, həqiqətən də Şarl Mişel tərəfsiz vasitəçi olub və iki ölkə arasında danışıqlara obyektiv yanaşıb. Onun vasitəçiliyi ilə keçirilən görüşlər nisbətən səmərəli oldu. Mişelin vasitəçiliyi ilə ilk danışıqlar 2021-ci ilin dekabrında keçirilib. Mişelin vasitəçiliyinin nəticəsi o oldu ki, Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən bəyan etdi. Mişel danışıqlarda Fransa kimi tərəfkeşlik etmədi. Bütün tərəflərə məsafəli yanaşdı. Azərbaycan bu danışıqlar çərçivəsində rəsmən bəyan etdi ki, vətəndaşlığımızı qəbul edən ermənilər Qarabağda yaşaya bilərlər. O cümlədən, digər bəzi razılıqlar da məhz Mişelin vasitəçiliyi ilə keçirilən danışıqlarda əldə olundu. O baxımdan Mişelin vasitəçiliyini səmərəli hesab etmək olar. Bir növ Mişel erməni tərəfinə başa saldı ki, Qarabağa yönəlik ərazi iddialarından əl çəkməlisiniz. Hesab edirəm ki, bütün bunlar bizim xeyrimizə işlədi. Hərb müstəvisində əldə etdiyimiz qələbənin siyasi müstəvidə möhkəmlənməsində mühüm rol oynadı. Ancaq sonralar Fransa prezidenti Emmanuel Makronun prosesə kobud müdaxiləsi Aİ çərçivəsində danışıqların aparılmasına mənfi təsir etdi. Bütün bunların nəticəsində Azərbaycan tərəfi 2023-cü ilin oktyabrında Qranadda keçirilən görüşlərdən imtina etdi. Bütün bunlara baxmayaraq, Paşinyan Azərbaycan ərazisinin 86,6 min kvadtatkilometr olmasına dair yekun sənədə imza atdı. Bir daha qeyd etdi ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün bunlar müsbət tendensiyalar idi və bunların ərsəyə gəlməsində Mişelin rolu olub. Mişel hələ noyabra qədər öz vəzifəsini icra edəcək. Bu onu deməyə əsas verir ki, Mişelin 7 fevral prezident seçkilərindən sonra yenidən tərəflər arasında vasitəçilik edəcəyi güman edilir. Çünki tərəflər ona etimad göstərir. Onun vasitəçiliyi ilə keçirilən danışıqlar səmərəli olub. O şərtlə ki, Fransa prosesə ciddi müdaxilə etməsin”.
Vidadi ORDAHALLI