Paşinyan müharibəyə hazır ehtiyat qüvvələrin anonsunu verdi...
Daşdəmir Əliyev: “Paşinyan administrasiyasından ciddi hərbi təxribat gözləməyə əsas var”
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur:
“Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir”.
Paşinyan, həmçinin, döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib.
Bu açıqlamalarla Ermənistan müharibəyə hazırlaşdığını açıq etiraf etmiş olurmu?
Ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan tərəfindən son dövrlər verilən açıqlamalar onu göstərir ki, İrəvan sülhə hazır deyil: “Sülh terminini daha çox işlətsələr də, faktiki olaraq irəli sürülən fikirlər, işlədilən ifadələr Ermənistanın terminoloji məsələlərini önə çəkməklə qəbuledilməz şərtlərlə prosesi əngəllməyə, uzatmağa çalışdığını göstərir. Bunun müəyyən səbəbləri var. Fransa və digər ölkələrin təhriki ilə Ermənistan faktiki olaraq növbəti savaşa hazırlanır. Bu siyasət artıq müşahidə edilir. Erməni tərəfindən fərqli-fərqli fikirlər söylənsə də, Nikol Paşinyan və Ararat Mirzoyanın son açıqlamaları heç də sülhə yönəlməyib. Daha çox Azərbaycan tərəfi əsassız olaraq ittiham olunur. Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin tutduğu mövqe onu göstərir ki, onlar Azərbaycanla sülhdə maraqlı deyillər. İndi də Paşinyan döyüşə hazır ehtiyat qüvvələrin anonsunu verir. Hansı döyüş ola bilər? Təbii ki, Azərbaycan nəzərdə tutulur.
Azərbaycan dövləti bütün proseslərə nəzarət edir. Ordumuz hər zaman olduğu kimi, indi də istənilən təxribata adekvat cavab verir. Təxribatların qarşısı alınır və bundan sonra da alınacaq. Hər halda, bunun arxasında siyasi məqsədlər durur. Yəni Ermənistanla birgə onun havadarları burada vəziyyəti gərginləşdirərək öz məqsədlərinə nail olmaq istəyirlər. Paralel olaraq, Rusiyaya qarşı olan qüvvələr regionda vəziyyəti gərginləşdirmək üçün Ermənistanda bu ölkəyə qarşı etiraz prosesini gücləndirirlər. Atəşkəs pozulsun, vəziyyət gərginləşsin və Rusiyanı burada günahlandırsınlar ki, o heç nə edə bilmir. Bununla yanaşı, erməni hərbi ekspertlərinin ölkədə, guya səfərbərliyin olmayacağı ilə bağlı açıqlamaları Azərbaycanı və dünya ictimaiyyətini yanlış məlumatlandırma kampaniyasından başqa bir şey deyil. Bildirilir ki, yaxın gələcəkdə həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan administrasiyasından ciddi hərbi təxribat gözləməyə əsas var”.
Məhəmmədəli QƏRİBLİ